VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV kanalında yayımlanan “Əqrəb mövsümü” serialı son zamanlar sosial şəbəkələrin və mətbuatın ən çox müzakirə edilən mövzusuna çevrilib. Senari baxımından diqqət mərkəzində olan ekran işi obrazları ilə də bir o qədər ajiotaj yaradıb. Serialda daha çox maraq doğuran personaj isə Vaqif obrazıdır. Görəsən bu qədər marağa səbəb olan “Əqrəb mövsümü”nün Vaqifi əslində kimdir?

BAKU.WS Manaf Dadaşov haqqında maraqlı faktları təqdim edir:

Manaf Məcid oğlu Dadaşov noyabrın 21-də 1981-ci ildə Bakıda anadan olub. Onun qohumlarının çoxu incəsənət sahəsində çalışdığından o da bu sahəyə meyillənib. Dadaşovun atası mərhum Məcid Dadaşov tanınmış aktyor olub. O, "Bir cənub şəhəri" də daxil olmaqla bir neçə ekran işində rol alıb.

Xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Atabala Səfərov, Xalq artisti Ramiz Məmmədov, aktrisa Səmayə Sadıqova da aktyorun yaxın qohumlarıdır.

Aktyorluq sənətində Manaf Dadaşova ən çox stimul verən onun yaxın dostu Anar Heybətov olur.

O, 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. 2006-cı ildə universitetin "Kütləvi tədbirlər və tamaşalar rejisorluğu" ixtisasını fərqlənmə diplomu ilə bitirir. Dadaşov rejisorluq üzrə təhsil alsa da, rejisor kimi fəaliyyət göstərmək iddiasında olmur.

Manaf Dadaşov 2002-ci ilin oktyabrında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayır. Ona bu tetarda işləməyi mərhum Xalq artisti Ramiz Məmmədov məsləhət görür.

İlk rolu isə rejisoru Nicat Kazımov olan "Ələddinin sehrli çırağı" tamaşasında Carçı obrazı olur. Əməkdar artistin aktyor üzərində böyük əməyi olub desək yanlmarıq. O, Nicat Kazımovun "Xeyir və Şər", "Ana qaz", "Çəkməli pişik" kimi tamaşalarında müxtəlif rollar ifa edib.

Daim aktyorluq sənətinin axtarışında olan Dadaşov tamaşaçıların ürəyini fəth etmək üçün bu sənətin daha vacib sirlərinə yiyələnir. Bu səbəblə də o, bir çox xarici ölkələrdə qastrol səfərlərində olur, çoxsaylı film və seriallara çəkilir. Manaf Dadaşov "Russkiy perevod", "Sirr", "Həkimlər", "Bir ovuc torpaq", "Qarabağnamə" kimi seriallarda müxtəlif rollarda çıxış edir.

Aktyor “Yol yoldaşları”, “Ana qaz”, “Boyunbağı”, “Əlvida, cənub şəhəri”, “Hökmdarın taleyi” kimi tammetrajlı bədii filmlərdə bir-birindən fərqli obrazlar yaradıb.

O, müsahibələrindən birində simasının daha çox tarixi seriallara uyğun olduğunu və tarixi janrlı ekran əsərlərində çəkilməyi arzuladığını deyib.

Bir gün Manaf Dadaşova tarixi olmasa da, dram janrlı layihə olan “Əqrəb mövsümü”nə çəkilmə təklifi gəlir. Oradakı Vaqif obrazını canlandıran Dadaşov tez bir zamanda tamaşaçıları ekran başına toplayıb serialı daha da maraqla izləməyə sövq edir.

 Manafın serialın 8-ci bölümündəki rəqsi isə səs-küyə səbəb olur. Tamaşaçılar bunu serialda yeganə uğurlu səhnə adlandırırlar.

Aktyor ailəlidir. O ötən ilin martında Seyidbacı adlı xanımla ailə qurub. Cütlüyün toyu paytaxt restoranlarından birində baş tutub. Məclisdə Manafın ailə üzvləri ilə yanaşı tanınmış sənət dostları da yer alıblar. 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO