SİZİN REKLAM BURADA!
055 213 76 73


Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 34 ailə olmaqla, 123 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***12:11

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində 123 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

"Report" xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.

***

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

BAKU.WS
QALEREYA