NATO Polşada tarixinin ən böyük hərbi təlimlərindən birinə - "Anaconda"ya başlayıb.

Manevrlərdə Polşa, ABŞ və NATO üzvü olan 17 ölkənin, habelə "Şərq Naminə Tərəfdaşlıq" Proqramının üzvü olan 5 ölkənin 31 mindən artıq hərbçiləri iştirak edirlər. Təlimlərə 3 mindən artıq hərbi texnika, 105 hərbi təyyarə və helikopter, 12 hərbi gəmi cəlb olunub.

Təlimlərin ilk mərhələsi bu gün səhər Torun şəhərinin yaxınlığında başlanıb. ABŞ, Polşa və Britaniyanın desantçıları birgə fəaliyyət təmrinlərini möhkəmləndirəcəklər. Bu mərhələdə 2 mindən artıq paraşütçü iştirak edib.
Növbəti mərhələlərdə kimyəvi, terror və kibernetik hücumlar kimi hibrid təhlükələrdən müdafiə məsələləri nəzərdən keçiriləcək.

Polşanın hakimiyyət dairələri və NATO rəhbərliyi bildiriblər ki, sırf müdafiə səciyyəli təlimlər Yaxın Şərqdən gələn təhlükələrin qarşısının alınmasına yönəlib.
Fəqət, belə deyil.
 

 

Manevrlər NATO-nun Varşava sammiti ərəfəsində keçirilir. Şimali Atlantika Alyansına daxil olan ölkələrin müdafiə nazirliklərinin rəhbərləri, dövlət və hökumət başçıları Polşanın paytaxtındakı müzakirələrdə NATO-nun Şərqi Avropadakı gücünün artırılmasını nəzərdən keçirəcəklər. Müzakirələr nəticəsində Polşa və Baltikyanı ölkələrdə Alyansın əlavə qüvvələrinin yerləşdirilməsi barədə qərarın qəbul olunması gözlənilir.

Aprelin 30-da bəlli olub ki, NATO-nun hərbi komandanlığı Baltikyanı ölkələrdə və Polşada əlavə olaraq 4 alayın, yəni təxminən 4 min hərbçinin yerləşdirilməsinə qərar verib. Bu qərar Şimali Atlantika Alyansının Rusiya ilə sərhədləri "möhkəmləndirmək" niyyəti ilə bağlıdır.

NATO rəhbərliyi hesab edir ki, Rusiya hazırda Litva, Latviya və Estoniya ətrafında hərbi aktiviliyini artırıb, bu isə gərginlik səviyyəsinin yüksəlməsinə səbəb olub. NATO yetkililəri Rusiyanın addımlarını "təxribat" kimi dəyərləndirir, habelə Rusiyanın hərbi təyyarələrinin Baltikyanı ölkələrin hava sərhədlərinə çox təhlükəli dərəcədə yaxınlaşmaları ilə bağlı faktların sürətlə artdığını vurğulayırlar.
 


Mayın 25-də Rusiyanın XİN başçısı Sergey Lavrov NATO-nun qərarlarına cavab olaraq demişdi: "Şimali Atlantika Alyansı sərhədlərimizin yanında qüvvələrini artırdığından milli təhlükəsizliyimiz üçün yaranmış təhdidlərin neytrallaşdırılması üçün zəruri addımlar atacağıq".

"Anaconda" təlimləri 2006-cı ildən bəri, hər 2 ildən bir keçirilir. Lakin budəfəki təlimlər miqyasına görə ən böyük sayıla bilər.
Təlimlərin "Anaconda" adlandırılması da təsadüfi deyil. NATO ekspertlərinin fikrincə, Rusiyanın son illərdə yürütdüyü siyasət, xüsusilə də Şərqi Avropa ölkələri ilə bağlı tutduğu mövqe anakonda təki nəhəng ilanın davranışını xatırladır.

"Eynən anakonda təki, Rusiyanın Şərqi Avropadakı siyasəti də ilk baxışdan asta hərəkət edir, ləngdir, amma gərəkli anda qəflətən, fenomenal dərəcədə sürətlənir və şikarının üzərinə atılır. Ona görə təlimlərin "Anaconda" adlandırılması həm də siyasi mesaj sayıla bilər", - tanınmış norveçli hərbi ekspert Tornqard Nilsen deyib.
 

 

Rusiya hirslənib: "Onları hədəfə almışıq"

"Anakonda" təlimləri Rusiyada gözlənilən, təxminlənən qəzəblə qarşılanıb. Tanınmş hərbi ekspert Viktor Baranets "Sputnik" radiostansiyasına verdiyi müsahibəsinldə deyib: "Bu təlimlər bir daha göstərir ki, NATO "Rusiya təhlükəsi"nə ciddi şəkildə hazırlaşır. NATO təlimlərinin "məqsəd"ini son 10 ildə əsla dəyişməyib. Əslində, bizim üçün yaxşıdır, çünki xəritədə oxlar çəkərək potensial rəqibi, düşməni axtarmağımıza ehtiyac qalmır. Əksinə, real məşq etmək olar: onların radiotezliklərini dinləmək, hərbi təyyarələrinin uçuşlarını müşahidə etmək, texnikanın taktiki-texniki  göstəricilərini dəqiqləşdirmək olar. Bunların hamısı normaldır. Anormal olan budur ki, Avropada NATO qoşunlarının sayı artır, Rumıniya və Polşada raket hücumundan müdafiə qurğuları adı ilə raketlər yerləşdirilir. Amma NATO unutmasın ki, həmin qurğuların hamısı Rusiya ordusunun hədəflərinə çevrilir. Onları hədəfə almışıq".
 

 

NATO Rusiyanı saya salmadı

"Anaconda" təlimlərinin Rusiya üçün qıcıq doğuran məqamları bununla bitmir.

Rusiya və NATO arasında 2011-ci ildə Vyanada imzalanmış anlaşmaya görə, Şimali Atlantika Alyansına daxil olan ölkələrdən birində və ya Rusiya ərazisində 9800 nəfərdən artıq hərbçinin cəlb olunduğu təlim keçirilərsə, onda "maraqlı tərəf"in, yəni əks tərəfin müfəttişləri mütləq iştirak etməlidir. Lakin budəfəki "Anaconda" təlimlərinə Rusiyadan müşahidəçilər dəvət olunmayıblar. Daha doğrusu, rusiyalı hərbi müfəttişlər təlimlərin keçirildiyi bölgəyə yalnız gələn ay yollana bilərlər.

Yaşananlar NATO və Rusiya arasındakı münasibətlərin ifrat dərəcədə soyuduğunu, Şimali Atlantika Alyansının Rusiyanı artıq tərəfdaş və etibarlı tərəf-müqabil qismində görmədiyini, Moskvanı saya salmadığını göstərir.

"Anaconda" təlimlərinə "Şərq Naminə Tərəfdaşlıq" Proqramına üzv 5 ölkənin hərbçilərinin də qatılması Rusiyaya sərt xəbərdarlıq sayıla bilər. Çünki həmin ölkələr arasında NATO-ya qoşulmaq istəyən Gürcüstan və Ukrayna da var. 
Gürcüstanla Ukraynanın Şimali Atlantika Alyansına hazırda üzv olmaları çətin, müşkül məsələdir: ən azı, ona görə ki, hər iki ölkənin ərazisində separatçı rejimlərlə bağlı lokal münaqişələr var və NATO Nizamnaməsinə görə, belə münaqişələrlə qarşılaşmış ölkələr təşkilata qoşula bilməzlər.

Lakin NATO komandanlığı Kiyev və Tiflisin təlimlərdə iştirakını təmin etmək üçün hüquqi kazuistikadan yan keçmək məqsədilə "Şərq Naminə Tərəfdaşlıq" mexanizmini işə salıblar.

Təlimlərin təsiri Dağlıq Qarabağa çatır

NATO "Anaconda" təlimlərini Polşada keçirsə də, bu manevrlərin həm də geosiyasi və siyasi təsiri Cənubi Qafqaza çatmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesinə təsir edir.
Şimali Atlantika Alyansı əvvəlki dövrlərdən və illərdən fərqli olaraq indi yetərincə açıq, hər hansı formada diplomatik nüanslar və pərdələmələr olmadan Rusiyanın nəzərinə öz mövqelərini çatdırır.

NATO Ukraynadakı Donetsk və Luqansk, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya, Moldovadakı Dnestryanı bölgə, Azərbaycandakı Dağlıq Qarabağ münaqişələrinldə tərəf tutmasa da, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini digər illüzor, "millətin öz müqəddaratını təyin etmək hüququ" kimi mübahisəli aspektlərdən üstün tutduğunu bir daha vurğulayır.
Şimali Atlantika Alyansının aktivləşməsi, xüsusilə də Şərqi Avropada və postsovet məkanında yaşanan proseslərə daha aktiv müdaxilə etmək niyyəti Rusiyanı qıcıqlandırsa da, rəsmi Bakı yaranmış situasiyada müəyyən irəliləyişlərə nail ola bilər.

Bunun üçün Rusiya və ya NATO-ya ifrat yaxınlaşma olmadan, hər iki tərəflə bağlı bərabərməsafəli mövqelər tutmaqla Brüssel-Moskva istiqamətində yaranmış gərginlikdən geosiyasi mövqelərimizin möhkəmlənməsi üçün istifadə edə bilərik.
Söhbət Azərbaycan ərazisində NATO və ya Rusiya hərbi bazasının yerləşdirilməsindən getmir - bu, heç bir halda Bakının maraqlarına cavab verəcək olay deyil və ola da bilməz.

Məsələ Şimali Atlantika Alyansının postsovet məkanındakı dövlətlərlə əlaqələrini intensivləşdirmək istəyindən gedir ki, Rusiya buna imkan vermək istəmir.

Belədə, Azərbaycan çox ciddi dividendlər əldə edə bilər.
Və edəcək də.

Milli.Az
BAKU.WS