SİZİN REKLAM BURADA!
055 213 76 73


Dağlıq Qarabağ və ətraf rayonlarda azərbaycanlılara məxsus qəbiristanlıqların vəziyyəti işğal dövründə erməni vəhşiliyinin bariz nümunəsidir.

BAKU.WS xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri 1990-cı illərdə işğal etdiyi Azərbaycanın yaşayış məntəqələrini dağıdıb, eyni zamanda azərbaycanlılara məxsus qəbiristanlıqları viran qoyub.

Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən sonra ermənilərin bölgədə apardıqları dağıntıların miqdarı hamıya aydın olub. İşğal dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarında bütün yaşayış məntəqələri talan edildiyi üçün bu ərazilər xarabalığa çevrilmiş "ruhlar şəhərləri" kimidir.

Rayonların qəbiristanlıqları da eyni vəziyyətdədir. Təxminən 30 ildən sonra doğulduqları torpağa qayıdan azərbaycanlıların ilk baş çəkdiyi yerlərdən biri də qəbiristanlıqlar idi. Ancaq şəkillər və yazıları ilə birgə məhv edilən daşlardan başqa heç nə görmək mümkün olmayıb. Bir çox insan qohumlarının məzarını tapa bilməyib.

Cəbrayıl şəhər qəbiristanlığı ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş yüzlərlə qəbiristanlıqdan yalnız biridir. Şəhərdə yerləşən təpədəki qəbiristanlıqda salamat bir qəbir belə tapmaq mümkün deyil.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqlar xarabalığa çevrilib:

"Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər. Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir törətdiyi bu vəhşiliyi görməlidir".

Orxan Hüseyn
BAKU.WS
VİDEO