VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan-Latviya hərbi əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
 
 
BAKU.WS-in məlumatına görə, mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının ölkəmizdəki səfiri Yuris Maklakovs ilə görüşüb.

Görüşdə Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib. 
Nazir ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, iqtisadi əməkdaşlığın yüksələn templə inkişaf etdiyini vurğulayıb. Bu əməkdaşlığımızın dostluq münasibətləri üzərində qurulduğunu deyən general-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Latviya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Ermənistan tərəfindən torpaqlarımızın işğalını isə qeyri-qanuni sayır və qəti şəkildə pisləyir. 

Qoşunların təmas xəttində yaranmış son hadisələrə də toxunan Müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb. 
Müdafiə naziri diplomatın ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. 

Səfir də öz növbəsində ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb. 

Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu vurğulayan Y.Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. 
Görüşdə Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.
 
BAKU.WS