44 günlük Vətən Müharibəsinin 23 yaşlı qəhrəman ŞƏHİDİ - FOTO/VİDEO

44 günlük Vətən Müharibəsinin 23 yaşlı qəhrəman ŞƏHİDİ - FOTO/VİDEO
Foto Video
Siyasət 849

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də Kazımov Əmir İlham oğludur.

BAKU.WS xəbər verir ki, bu gün 23 yaşı tamam olan qəhrəmanımız Talış yüksəliyi və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhadət məqamına yüksəlib.

Kazımov Əmir İlham oğlu 29.01.1998-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. Orta təhsilini 230 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra bərbər kimi fəaliyyət göstərib.

Yaşadığı qəsəbənin sevimlisi olan Kazımov Əmir sadəliyi, mehribanlığı, gülərüzlüyü və mərdliyi ilə daim seçilib. Azərbaycanın dar günündə də öz cəsurluğunu nümayiş etdirib. Sentyabrın 29-u Səfərbərlik İdarəsi tərəfindən orduya çağırılan qəhrəmanımız tərəddüd etmədən Vətənin dar günündə ön cəbhəyə yollanıb.

Ordu sıralarında manqa komandiri olan Əmir Kazımov döyüşlərdə aktiv iştirak edib. Sonuncu dəfə 2020-ci il oktyabr ayının 3-ü ailəsi ilə danışır və onlarla vidalaşıb. Talış yüksəliyi və Suqovuşan istiqamətində gedən döyüşlərdə aktiv döyüşlərə qatılan Ə.Kazımov sonradan itkin düşür.

Noyabr ayının 25-i DNT analizi ilə ölüm xəbəri gəlir və cənazəsi 26-sı ailəsinə təhvil verilərək doğulub boya-başa çatdığı Şağan kəndində dəfn olunub.

Sonradan məlum olub ki, Əmir Kazımov oktyabr ayının 10-da düşmənin Suqovuşana endirdiyi ağır artilleriya zərbəsi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Kazımov Əmir İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər