VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Rəşadətli Ordusunun Dağlıq Qarabağda qalibiyyətindən sonra işğaldan azad olunan torpaqlarımızda tezliklə yenidənqurma işləri başlayacaq.

BAKU.WS xəbər verir ki, belə olan təqdirdə Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək və ölkədə işsizliyin qarşısı alınacaq. Beləliklə də əlavə iş yerləri açılacaq.

Qeyd edək ki, bu istiqamətdə artıq ilk addım atılıb. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun çəkilməsi üçün qərar verilib.

Prezident İlham Əliyev noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə müjdəni verib. Noyabrın 17-də isə Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Bu həm iqtisadi baxımdan, həm də ölkədə işsizliyin aradan qaldırılması istiqamətində atılan ilk, eyni zamanda mühüm məsələlərdəndir.

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır.

“Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək.

İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndidən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən Şuşa şəhərini ziyarət edəcəklər.

Bu isə həmin zonalarda daxili turizmin inkişafı deməkdir. Bütövlükdə, gözlənilir ki, daxili turizmə üstünlük verən vətəndaşlarımızın əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər. Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımdan vacibdir.

Bütövlükdə, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq”, - deyə ekspert bildirib.

Vüqar Bayramov qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə yeni iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir:

“İlk növbədə həmin ərazilərdə bərpa mərkəzləri yaradılacaq. Bərpa mərhələsində infrastruktur yenidən qurulacaq. Kifayət qədər inşaat işləri olacaq. Eyni zamanda kommunal xidmətlərin verilməsi yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Bərpa prosesində inşaat işlərinin yaradılması başlayacaq”.

Vüqar Bayramov onu da əlavə edib ki, azad edilən ərazilərdə yaradılacaq şərait zamanı sahibkarlar və işçilər üçün müəyyən güzəştlər tətbiq edilməlidir:

Azərbaycanda qeyri-neft və qeyri-dövlət sektorunda çalışan işçilərin əksəriyyəti üçün gəlir vergisindən güzəştlər olacaq. Bu da imkan verəcək ki, qeyri-neft sektorunda çalışanlar gəlir vergisi ödəməsinlər.

Düşünürəm ki, bu iş yerlərinin açılması zamanı bir neçə vacib məqama diqqət yetirilməlidir.
İşğaldan azad edilən ərazilərdə açılacaq digər sahədə çalışan işçilərə əlavə müddətli güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı.

Bu da nəticə etibarı ilə həmin sahələrdə çalışan şəxslərin daha çox əməkhaqqı almasına səbəb olacaq.

Sahibkarların cəlb edilməsi və yeni iş yerlərinin yaradılması üçün güzəştli vergi sistemi rejimi təklif edirik. Müddətli olaraq bir sıra vergi dərəcələrinin endirilməsi məqsədəuyğun olardı. Çünki sahibkarların cəlb edilməsi və yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Digər tərəfdən həmin bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün faizsiz kreditlərin verilməsi imkanları yaradılmalıdır.

Bunun üçün də ayrıca bir fond və ya mövcud Sahibkarların İnkişaf Fondu vasitəsilə həmin ərazilər üçün ayrıca şərtlərlə faizsiz, yaxud daha az faizlə kreditlərin ayrılması məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, həmin ərazilərdə faəliyyət göstərən sahibkarlar daha geniş imkanlara malik olsun.

Bütünlükdə biz işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın qısa zamanda inkişafını, yeni iş yerlərinin yaradılacağını müşahidə edəcəyik”.

Qarabağda işğaldan azad edilən ərazilərimizdə ən çox hansı işçilərə daha çox ehtiyac yaranacaq?

Məsələyə münasibət bildirən insan resursları üzrə mütəxəssis Çimnaz Qasımova bildirib ki, işğaldan azad edilən ərazilərdə yaradılacaq infrastrukturlar üçün ən birinci tikinti sahəsində çalışanlar, İT və ekoloqlar lazım olacaq.

“İnsan resurslarının düzgün paylanması və idarə edilməsi, o cümlədən lazımi kadrların təminatı çox vacib məsələlərdəndir. İlk növbədə bu bölgənin turizminin inkişaf etdirilməsi məsələsi gündəmdədir. Düşmən həmin ərazilərdə hər şeyi məhv edib. Lakin Prezident İlham Əliyev vurğuladığı kimi biz həmin əraziləri tam bərpa edəcəyik.

Turizm sektoru möhkəm müdafiə sistemi ilə təmin edilmiş ərazidə yaradılmalıdır. Yalnız bu halda turistləri cəlb etmək olar. Ona görə də mərhələli strategiya yaradılmalıdır. Həmin strategiya çərçivəsində mühafizə sisteminin qurulması Qarabağda görüləcək işlərin ən birincisidir.

Ölkəmizdə kifayət qədər ixtisaslaşmış tikinti şirkətləri var. Tender əsasında tikinti şirkətlərinin bu ərazilərdə fəaliyyətinə ehtiyac yaranacaq.

Digər ən vacib vakansiya ixtisaslaşmış İT mütəxəssislərinə ehtiyac yaranacaq. Profilaktik mühafizə şəbəkələri, terror aktlarına qarşı sistemlərin qurulması və s. bu region üçün ən vacib məsələlərdən biridir.

Bu bölgədə digər əsas işçi tələb olunan iş yerləri Ekologiya və Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrinə ehtiyac yaranacaq. Beləliklə də indiki məqamda tikinti, İT, ekoloq və fövqəladə hallar sahələrində vakansiyalarda bu bölgələrdə prioritet təşkil edir”.

Ziya SƏCCAD
BAKU.WS