Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub

Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub
Video
Hadisə 3837

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

***10:50

Ötən gecədən yağan güclü yağış Abşeron rayonu Masazır və Xırdalan ərazilərində su basmalara səbəb olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, su basan ərazilərdən biri Masazır qəsəbəsi Əliağa Vahid küçəsidir. Ərazidə piyadaların hərəkəti demək olar ki məhdudlaşıb. Bəzi ünvanlarda su evlərə qədər gedib, çıxıb.

Xırdalanda da oxşar hal yaşanır. Sakinlərin iddiasına görə, ərazidə yağış suları dünən gecədən etibarən yığılmağa başlayıb. Kanalizasiya sisteminin işləməməsi acınacaqlı vəziyyət yaradıb.

Xirdalan şəhəri, Ə. Vəliyev küçəsi, məhəllə 26 ünvanında yaşayan sakinlərin sözlərinə görə, həyətlərə dolan yağış sularına görə küçəyə çıxa bilmirlər:

"Küçədə də vəziyyət dəyişmir. Hər yan su altındadır. Uzunboğaz çəkmə olmasa çölə çıxa bilmərik".

Son xəbərlər