Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub
Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən bildirilib.
Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***18:53
Xocavənd rayonunda mina partlayışı baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
Oxşar xəbərlər
Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat
Şəmkirdəki "N" saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Orxan 1 il 3 ayın əsgəri o...