Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb

Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb
Foto Video
Hadisə 120

Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, magistralın Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Babayev Emil Çingiz oğlunun idarə etdiyi "İVECO" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük maşını ilə toqquşub.

Nəticədə "Ford"un sürücüsü, 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu maşından çıxarıb təcili tibbi yardım briqadasına təhvil verib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilsə də, o, yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***12:26

"Gəndob -Yalama yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs Xaçmaz rayon sakini Qədirov Samil Emin oğludur".

Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.

"Hadisə bu gün saat 10-da Gəndob-Yalama yolunun 29-cu kilometrliyində qeydə alınıb.

"IVECO" markalı 01-AD-360 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 99-HV-337 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı sprinter toqquşub. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində iki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Samil Emin oğlu Qədirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır", - deyə məlumatda bildirilib.

***11:51

Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd edilib ki, VAZ-2106 minik avtomobilinin "Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxsin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

"Yanvarın 21-də saat 10:00-da Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, travmatik şok diaqnozu qoyulub. Hazırda vəziyyəti kritik ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.

Son xəbərlər