“TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram” - FOTO
“TikTok”da yazdığı ifadələrə görə Vətən Müharibəsi iştirakçısını öldürən Əli Musayevin məhkəmədə verdiyi ifadə məlum olub.
BAKU.WS "kriminalqafqaz"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı Natiq Ramazanovu bıçaqlayaraq öldürən 40 yaşlı Ə.Musayev onun atasından üzr istəyib.
O, məhkəmədə deyib ki, hər şey “TikTok”dakı canlı yayımda başlayan mübahisədən sonra baş verib və Natiqi bıçaqlamaq fikri olmayıb: “Ailəliyəm, 10 yaşlı və 15 yaşlı iki övladım var. Dializ xəstəsi olduğum üçün işləməmişəm. Noyabrın 7-də gecə saat 05 radələrində "TikTok" sosial şəbəkəsinə təsadüfi daxil oldum, tanımadığım şəxsin açdığı "canlı"ya baxdım. Canlıya ondan sonra daxil olan və sonradan adının Natiq olduğunu bildiyim şəxs "User" adlı istifadəçi profilindən “özünüzə hörmət edin” deyə ismarış yazdı. Həmin ismarış bütün istifadəçilərə ünvanlanmışdı. Belə ki, onun yazdığı mesajı "canlı"da olan bütün şəxslər görürdü. Onun belə məzmunda yazısını gördükdə, həmin ismarışı özümə qarşı təhqir hesab edərək özümə məxsus “Alik" adlı profildən səhərə yaxın saat 5-də girib “camaata hörmət dərsi keçənin burada nə işi var?! İkincisi də get, hörməti anandan öyrən”, deyə mesaj ünvanladım. Mənim yazdığımı "canlı"da olan bütün şəxslər görürdü. Bu sözlərimdən sonra Natiq mənə ünvanlayaraq nömrəsini qeyd edib “yığ” deyə söyüşlə ismarış yazdı. Natiqin bu söyüşlərindən sonra dərhal qeyd etdiyi nömrəyə zəng etdim”.
Əli Musayev əlavə edib ki, Natiqə zəng edən kimi qarşı tərəf dayanmadan söyüşlər söyməyə başlayıb: “Natiqə “dayan, söydüyün söyüşlərin altından qalxa bilməyəcəksən, “söyüşlərə görə sənin dilini kəsəcəyəm, söyürsənsə özümə söy, nə işin var digərləri ilə” deyə bildirdim. Daha sonra Natiq gəlib məni tapacağını, ailəmin qabağında məni cəzalandıracağını söyüş və təhqirlərlə bildirdi. Mən Natiqə üzr istəmədiyi təqdirdə onu bıçaqla vuracağımı dedim. Ondan nəyə görə söyüş söydüyünü soruşduqda Natiq mənə "TikTok"da yazdığım "Get, anandan öyrən" sözünə görə məni söydüyünü dedi. Mən isə onu söymədiyimi, özünün dözülməz söyüşlər söydüyünü bildirdim. Dedim ki, əgər bunu söyüş kimi qəbul edirdisə, mənə bildirərdi ki, bu səhv hərəkətdir, mən də bu sözlərə görə ondan üzr istəyərdim. Natiqdən də eyni zamanda, söydüyü söyüşlərə görə üzr istəməsini tələb etdim. O isə söyüş söyməyə davam edərək məndən üzr istəməyəcəyini bildirdi. Bu sözlərə görə onu cəzalandıracağımı dedim. Məni yenə təhqir edərək telefon danışığını dayandırdı. Daha sonra mesaj yazaraq dediyi sözlərə görə onu cəzalandıracağımı dedim. O isə söyüşlər yazaraq nömrəmi blok etdi. Həmin gün onunla danışıq başa çatdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 8-də xəstəliyi ilə əlaqədar xəstəxanaya getdiyi üçün Natiqə zəng etməyib: “09 noyabr 2021-ci il tarixdə saat 16-17 radələrində Natiqə zəng edərək onunla görüşmək istədiyimi, Natiq də hara desəm, oraya gələ biləcəyini bildirdikdə ona Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Nəbz" klinikasının qarşısında görüşməyi təklif etdi. Natiq bu təkliflə razılaşaraq gəldi və görüşdük. Natiqlə birlikdə söhbət etmək üçün 145 nömrəli məktəbin yaxınlığına, Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə gəldik. Yol boyu qarşılıqlı üzr istəməyi təklif etsəm də, məndən üzr istəməyəcəyini bildirdi. Daha sonra binanın həyətində oturaraq söhbət etməyə başladıq. Natiqlə söhbət etməkdə məqsədim onu qarşılıqlı üzr istəməyə razı salmaq və söhbəti bağlamaq idi. Natiqdən üzr istədim, əlavə olaraq qeyd etdim ki, məndən yaşca kiçikdir, o da üzr istəsin və bu söhbəti bağlayaq. Lakin bunu qəbul etmədi və onun bu şəkildə hərəkət etməsi məni çox əsəbiləşdirdi. Üzərimdə gətirdiyim bıçağı çıxararaq Natiqin sağ budundan bir zərbə vurdum”.
Hadisədən sonra Əli Musayev yaşadığı evə gedib: “Səs-küyə ətrafda olan şəxslər də hadisə yerinə gəlmişdi. Orada olan şəxslərə polisə təslim olmaq niyyətində olduğumu, Natiqin qan itirməməsi üçün orada olan xatırlamadığı şəxslərdən birinə bel kəməri ilə yarasını sıxmalarını bildirdim. Daha sonra yaşadığım ünvana gedərək yuyundum və paltarımı dəyişdim. Məqsədim oradan Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gedərək təslim olmaq idi. Lakin evdən çıxdıqda polis əməkdaşlarını binanın həyətində gördüm və təslim oldum. Səhv etdiyimi başa düşürəm, əməlimdən peşmanam. Natiqin atasından üzr istəyirəm. Mərhumun övladlarını da öz övladlarım kimi qəbul etməyə və əlindən gələn bütün köməklikləri göstərməyə hazıram”.
Mərhum Natiq Ramazanovun hüquqi varisi olan atası isə Əlinin üzrxahlığını qəbul etməyib: “1991-ci il təvəllüdlü oğlum leytenant rütbəsində olmaqla İkinci Qarabağ müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Daha sonra vəfat etdiyi vaxtadək "Cavid2016" şirkətində mühəndis vəzifəsində çalışıb. Sakit təbiətli insan idi, hər kəslə mehriban davranırdı, heç kimlə düşmənçiliyi və ya şəxsi ədavəti olmayıb. 09 noyabr 2021-ci il tarixdə yaşadığım evdə olduğum zaman övladımın ölməsi və Nizami rayon ekspertizasına aparılması barədə məlumat gəldi. Həmin yerə gəldim və orada məlum oldu ki, həmin gün saat 16:30 radələrində əvvəllər tanımadığım Əli adlı şəxs övladım ilə "Tiktok" sosial şəbəkəsində yazdığı nalayiq ifadələr ilə əlaqədar aralarında baş vermiş mübahisəyə aydınlıq gətirilməsi üçün, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətində görüşərkən bıçaqla oğlumun sağ budun yuxarı nahiyəsindən vuraraq xəsarət yetirib və nəticədə övladım ölüb. Mən təqsirləndirilən şəxs ilə barışmamışam, ondan şikayətçiyəm, mənə vurulan ziyan ödənilməyib”.
İstintaq zamanı o da məlum olub ki, internetdəki mübahisədən sonra ilk olaraq Natiq Əlini Xırdalana söhbət etməyə çağırıb, lakin Əlinin dostu onu Xırdalana getməyə qoymayıb, daha sonra isə Natiq Əlinin yaşadığı əraziyə gəlib.
Qeyd edək ki, Əli Musayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və ona 9 il həbs cəzası verilib.
Öldürülən Natiq Ramazanov aktiv “TikTok” istifadəçisi olub. Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı leytenant rütbəsi alıb. Vətən Müharibəsinə könüllü yollanıb. N.Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.
Həbs edilən Əli Musayevin isə dini təriqət nümayəndəsi olduğu bildirilir.
Qətlə yetirildikdən 1 ay sonra Natiq Ramazanovun ikinci övladı anadan olub.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...