Ruslar azərbaycanlı biznesmenin obyektini sökməyə başladı

Ruslar azərbaycanlı biznesmenin obyektini sökməyə başladı
Hadisə 1536

 

Bu gün səhər saatlarından başlayaraq Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid "Piramida” ticarət mərkəzinin söküntüsünə başlanılıb.

BAKU.WS-in anspress-ə istinadən məlumatına görə, ticarət mərkəzinin sökülməsi üçün Tver küçəsinə xüsusi texnika gətirilib. Moskva meriyası mərkəzin qanunsuz tikinti olduğunu bildirib və bundan sonra R. Sultanlı binanı könüllü şəkildə özü sökmək qərarına gəlib.

Məlumata görə, artıq söküntü işlərinə başlanılıb, hasarlanmış əraziyə xüsusi texnika gətirilib və binanın sökülməsi üçün lazım olan avadanlıqlar hazır vəziyyətdədir.

Moskvanın ticarət və xidmətlər departamentin rəhbəri Aleksey Nemeryuk bildirib ki, ticarət mərkəzinin sökülməsi üçün üç gün lazım ola bilər: "Hələlik kompensasiya barədə danışıqlar getmir. Əgər sahibkar Moskva hökumətinə müraciət edəcəksə, biz həmin müraciətə baxacağıq”, - deyə o bildirib.

Məlumata görə, 1500 kv.m ərazisi olan ticarət mərkəzinin yalnız 1000 kvadrat metri Azərbaycan vətəndaşına məxsusdur.

Rusiyanın məşhur jurnalistlərindən olan Kseniya Sobçak da "Piramida” ticarət mərkəzinin sökülən hissəsində olub və bu ərazi haqqında xatirələrini bölüşüb. Ərazini lentə alan jurnalist öz reportajına belə başlayıb:

"Biz "Piramida” ərazisindəyik. Burada mənim uşaqlığım keçib. İlk dəfə burada mənə Ömər Cəbrayılov suşi qonaqlığı verib. O zaman bahalı "Mario” restoranına gedə bilmədim, məni ucuz olan "Piramida”ya gətirdilər. İndi isə bura sökülür. Amma hər şey mülkiyyətçi ilə razılaşma yolu ilə həll olunub. Heç kəsə zor tətbiq olunmayacaq”, - deyə xanım jurnalist vurğulayıb.

Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Söküntünün mart ayına kimi bitməsi gözlənilir.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər