Qurban bayramı günü araq içib atasını vəhşicəsinə öldürdü – DƏHŞƏTLİ ETİRAFLAR
15
apr
2018
13:32
Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb... Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib.Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi, ev 22 ünvanında baş verib. Q.Cahangirov aralarında baş verən dava zamanı 70 yaşlı atası Arif Cahangirovu xüsusi amansızlıqla qətlə yetirib. Baş və bədən nahiyələrindən ağır xəsarətlər alan yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.İttihama görə, qətl hadisəsinə sərxoş vəziyyətdə olan Qadirin yenidən spirtli içki almaq üçün arvadından 1 manat pul istəməsi səbəb olub. Arvadının pul verməməsindən əsəbləşən ər evdəki əşyaları sındırıb. Səs-küyə gələn, oğlunu sakitləşdirməyə çalışan Arif Cahangirov Qadirin balta zərbələrinə tuş gəlib.Törətdiyi cinayət əməlinə görə Q.Cahangirova Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.Təqsirləndirilən şəxs qismində dindirilən Qadir Cahangirov ifadəsində 2012-ci ildə qızı Mahirə intihar etdikdən sonra əsəblərinin korlandığını, o vaxtdan etibarən içkiyə qurşandığını göstərib. Hadisə baş verən gün oğlu çörəkbişirmə sexinə, arvadı ilə bacısı isə xadimə işlədikləri məktəbə gediblər. Evdəki arağı dovğa ilə içməyə başlayıb. Axşamtərəfi arvadı Yeganədən araq pulu istəyib: “Yeganədən bir manat istədim. Dedi ki, sabah Bakıda yaşayan qızımgilə qonaq gedəcəyik, pul lazımdır. Həmçinin, qızımın qaynanasının dindar olduğunu deyib, arağa pul verməkdən imtina etdi. Buna görə mübahisəmzi düşdü, qışqır-bağır saldım. Atam yanıma gəlib Qurban bayramı günü araq içdiyimə görə məni danladıqda əsəbləşib onu da itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə daxmaya qaçdım ki, balta götürüm. Bacım qarşımı kəsmək istədikdə onu itələyib yıxdım, odun doğradığımız baltanı daxmadan götürdüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurdum. Zərbənin təsirindən yerə yıxıldı, başından qan axmağa başladı”.Atasını baltayla vurduqdan sonra Q.Cahangirov öz başına da balta zərbələri endirib: “Ayılanda gördüm ki, xəstəxanadayam. Atamla əvvəllər də xırda mübahisələrimiz olurdu, içki içdiyimə görə məni danlayırdı. Amma heç vaxt onu ölümlə hədələməmişəm. Həmin gün sərxoş idim, əsəbləşdiyim üçün atamı vurdum. Baltanı götürüb özümü öldürəcəkdim. Atamın mənə qarşı çıxmaları artıq məni bezdirmişdi. Törətdiyim əməldən peşmanam”.Zərərçəkmiş Nadir Cahangirov ifadəsində mərhum qardaşının oğlu Qadirin yetkinlik yaşlarından etibarən ailə üzvlərinə əzab-əziyyət verdiyini, problemlər yaratdığını, bir neçə dəfə cinayət törətdiyini, dəfələrlə özünə xəsarət yetirdiyini, spirtli içki aludəçisi olduğunu göstərib: “Qardaşım onu pis əməllərindən çəkindirməyə, düzgün yola qaytarmağa çalışırdı. Qadir içəndə qardaşım əlinə çubuq götürüb onu sakitləşdirirdi. Həmişə oğlundan gileylənir, içib dava-dalaş saldığını deyirdi. Qardaşım evdə olmadığı vaxtlarda bir neçə dəfə ailə üzvləri “əmi, tez bizə gəl, Qadir bizi öldürür” dedikdən sonra onlara haraya getmişəm. Qadirin dava-dalaş saldığını, qapı-pəncərəni qırmasının dəfələrlə şahidi olmuşam. Hər dəfə əlinə balta-bıçaq alıb özünü öldürəcəyini deyir, heç kimi yaxına buraxmırdı”. Hadisə baş verən gün növbəti dəfə qardaşının ailə üzvləri N.Cahangirova zəng vurub “əmi, gəl, qırdılar bir-birini, reanimasiyadadırlar” deyiblər: “Dərhal xəstəxanaya getdim. Pilləkənlar, dəhliz, palata qan içərisindəydi. Qardaşımın başı parçalanmışdı, qan axırdı. Həkimlər tikiş qoymaq istəsələr də, Arif vəfat etdi. Qadirin də üst-başı qan içindəydi, qışqır-bağır salırdı”.Zərərçəkmiş məhkəmədən qardaşı oğluna ədalətli cəza verilməsini xahiş edib: “Qadir qardaşımı öldürmək məqsədilə vurub. Əvvəllər Qadirin atasını hədələməsini, onu öldürməyə cəhd etməsini görməmişəm, eşitməmişəm. Ədalətli cəza verilməsini xahiş edirəm”.Şahid qismində dindirilən Yəmən Abdulrazaqova ifadəsində qardaşının mütamadi olaraq spirtli içki qəbul etdiyini və evdə dava-dalaş saldığını göstərib. Günorta saatlarında xadimə işlədiyi məktəbdən evə qayıdan Yəmən qardaşının yenə də içkili vəziyyətdə olduğunu görüb: “Axşamtərəfi gördüm yenə də həyətdə qışqırır. Dava axtardığını bilib, öz otağıma keçib televizora baxdım. Bu vaxt Yeganənin qışqırıb köməyə adam çağırdığını eşitdim. Qadirin daxmadan balta götürüb Yeganəyə sarı gəldiyini görüncə Yeganəni otağa salıb qapını bağladım. Qadirin də üstünə qısqırıb dedim ki, apar, baltanı yerinə qoy”.Şahidin ifadəsinə görə, Arif Cahangirov oğluna “Qurban bayramı” günü içməsini irad tutduqda Qadir baltanı daxmaya qoyub geri qayıdıbmış: “Qadir onu əliylə itələdi, səndələsə də, yıxılmadı. Qadiri qorxutmaq üçün atam taxta parçası götürmək üçün talvara sarı getdi. Atamın talvara getdiyini görən Qadir dərhal daxmaya tərəf qaçdı. Onun balta götürəcəyini bilib qarşısını kəsdim. Məni itələyib yerə yıxdı. Bu vaxt atam əlindı taxta parçası Qadirə yaxınlaşdı. Qadir daxmanın giriş qapısından əlini çölə çıxardıb baltayla atamın başına zərbə endirdi. Sonra da özünü vurdu. Qonşuların köməkliyi ilə ikisini də xəstəxanaya apardıq”.Məhkəmənin hökmü ilə Qadir Cahangirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
81 yaşlı atasını yandıraraq öldürənə 19 İL HƏBS verildi
81 yaşlı atasını amansızlıqla öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS-in Lent.az-a istinadla məlumatına...