Nəvəsi Lələtəpədə əsgər olan nənəyə göyərti satdığı üçün xəbərdarlıq edildi
Bakıda yaşlı qadın səyyar şəkildə göyərti, limon və yumurta satdığı üçün polis tərəfindən saxlanılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə jurnalist Aysel Əlizadə öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, polislər qadının niyə göyərti satdığı barədə izahat yazmalı olduğunu tələb edib:
"Bir qadın uşaq arabasına göyərti, limon, yumurta yığıb həyətimizə gətirib satırdı. Qızımı məktəbə qoyub evə qayıdırdım. Gördüm ərazi polisi qadına yaxınlaşıb nəsə deyir. Qadın astaca yalvarış edir. Bloka girməyə hazırlaşırdım. Onlara tərəf bir də boylandım. Gərginlik hiss edib geri döndüm. Bu dəm həyətə içində sürücü də daxil 4 cavan polis olan YPX maşını girdi. Qadını mindirib aparmaq istəyirdilər. O da sarısını udmuş halda yalvarırdı. Oğlanlarla yaşıd olardıq. Niyə aparırsız, nə edib soruşdum. Mərkəzi yola çıxıb, icazə yoxdu, komandir keçəndə görüb, izahatını alıb buraxacağıq, bizlik deyil, əmr quluyuq dedilər. Nə izahat yazacaq, uşaqlar? Niyə göyərti satdığını izah edəcək? Siz ki bilirsiz bunun səbəbini. Oğlanları yaşındasız. Getməsə bu qadını sürüyüb aparmaq sizə yaraşarmı? Bu an yaxın binadan bir cavan ailə çıxdı. Kişi birinci polislə nəsə danışdı. Xanımı əlindəki suyu göy satan qadına uzatdı. Birdən daha bir polis maşını peyda oldu. Məəttəl qaldım. İki maşın polis bura nəyə gəlib? Saxlayan kimi yaxınlaşıb qadına kömək etmələrini xahiş etdim. Duruxdular. Bəlkə pərt oldular, bilmirəm. İki maşın bu qadın üçün gəlmisiz? - soruşdum. Yox, dedilər. Keçəndə o biri maşını gördük, nə baş verdiyini aydınlaşdırmaq istədik. Yaman qorxub, bir daha mərkəzi yola çıxmaz dedim. Bu dəfəlik buraxın onu. Hiss etdim ki, polislərimiz də onlarla dostca danışan vətəndaşlara ehtiyac duyurlar. Bu dəm qonşuyla kənarda söhbət edən polis səsləndi: " Komandirə zəng vururam, icazə versə buraxacağıq". Bunu ondan qonşu xahiş etmişdi. İcazə alındı. Daha sonra qadına mədəni şəkildə xəbərdarlıq edib, biz də pis vəziyyətdə qalırıq, çıxmayın yola deyib, sürüb getdilər. Qadın arabasını darta-darta, ağlaya-ağlaya ordan uzaqlaşdı. Getməzdən qabaq qısa söhbətimiz olmuşdu. İki nəvəm əskərdi. Biri Lələtəpədə, o biri..."Lələtəpə" sözü diqqətimi yayındırdı. O birini eşidə bilmədim", - deyə jurnalist qeyd edib.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi ilə sürücünün şeytan söhbəti
Olmuş hadisədir və bunu avtosfer.az-a şəkili sürücü özü danışıb. Kafe işlədən şəkili sürücü marketin qarşısında maşını saxlayıb göy-göyərti alır. Marketdən çıxa...