"Nurgün Motors"un prezidentinin polisi vuran oğlunu hansı cəza gözləyir? (VİDEO)
06
noy
2017
10:35
Bakıda Yol Patrul Xidmətinin əməkdaşını təhqir edən və ona yumruq zərbəsi endirən "Nurgün Motors"un prezidentinin oğlu Nurxan Əliyevin ala biləcəyi cəza məlum olub.BAKU.WS-in məlumatına görə, Cinayət Məcəlləsinin 315-ci maddəsində (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələməyə görə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa, Nurxan Əliyevi xuliqanlıq etməsinə görə də cəza gözləyir. Belə ki, Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunur ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. Hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb. Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib. N.Əliyev inzibati qaydada məsuliyyətə cəlb olunub. BAKU.WS
Oxşar xəbərlər
Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, İnsanov məktubunda onun kassasiya şik...