Əli İnsanovun barəsində hökmdən apellyasiya şikayəti verilib
Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib. Virtualaz.org saytının xəbərinə görə, apellyasiya şikayəti Apellyasiya Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.
İttihama görə, Ə.İnsanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə təqsirli bilinib.
Onu da xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
Oxşar xəbərlər
Əli İnsanova hökm oxundu
Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir...