Mingəçevirin polis bölməsində baş verən ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama

Mingəçevirin polis bölməsində baş verən ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama
Hadisə 1908

Mingəçevirdə polis bölməsində müəmmalı ölüm hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, bu barədə rayon sakini Dilsuz Hacıyev kütləvi informasiya vasitələrinə şikayətində bildirib. Onun sözlərinə görə, oğlu 1988-ci il təvəllüdlü Bəhruz Hacıyev polis bölməsinə aparılıb. Bir müddətdən sonra oğlu ölüb. Kişi oğlunun ölümündə Mingəçevir şəhər polis bölməsinin əməkdaşlarının günahkar olduğunu deyib.

"Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir", - deyə D.Hacıyev bildirib. B.Hacıyevin meyiti xəstəxananın morquna yerləşdirilib. Məsələyə aydınlıq gətirmək üçün Mingəçevir şəhər polis bölməsinin rəis müavini Vahid Məmmədovla əlaqə yaratdıq. Ondan həqiqətən də Bəhruz Hacıyevin ölümündə bölmə əməkdaşlarının günahkar olub-olmadığını soruşduq. Vahid Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi bölmədə baş verənlərdən heç bir xəbəri yoxdur. "Mən həmin günü idarədə olmamışam. Baş verənlərdən də xəbərim yoxdur. Mümkünsə Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlayın”, - deyə Vahid Məmmədov bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, baş verən hadisədə heç bir zorakılıq əlamətləri olmayıb.

BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Qafqazinfoya bildirib ki, avqustun 20-də Mingəçevir sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: "İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və dərhal vəfat edib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Ziya Səccad BAKU.WS

Son xəbərlər