Milli Təhlükəsizlik naziri və müavinlərinin cinayətləri açıldı

Milli Təhlükəsizlik naziri və müavinlərinin cinayətləri açıldı
Hadisə 3072

Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin və Baş Prokurorluğun MTN-də keçirdiyi xüsusi əməliyyatın sensasion təfərrüatları məlum olub.

BAKU.WS-in xəbərinə görə, Azərbaycan hakimiyyətinə yaxın mötəbər qaynaqlardan virtualaz.org saytına daxil olan məlumatlara görə hüquq-mühafizə orqanları MTN-in fəaliyyətini bir ilə yaxındır izləyirmiş.

B

Belə ki, məhz MTN ölkədə kiçik və orta biznesin dirçəlməsinə, inkişafına qarşı əsas cəza qılıncına çevrilmişdi. Nazir Eldar Mahmudovun göstərişi, nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin, nazir müavini Hilal Əsədovun, habelə nazirin şəxsi "kassiri” Akif Çovdarovun və digərlərinin fəal iştirakı ilə dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyəti izlənilib.

Sonra bu biznesmenlər barədə kompromat xarakterli materiallar toplanılıb. Bundan sonra MTN-in əməliyyat qrupu rəhbərliyin göstərişi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin şəxsən iştirakı ilə biznesmenlərin qanunsuz həbslərini həyata keçirib. Söhbət de-fakto sanksiyasız həbslərdən, biznesmenlərin "haqq” alınması üçün girov götürülməsindən və ciddi korrupsiyadan gedirdi.

Biznesmenləri MTN-in təcridxanasında həftələrlə, bəzən aylarla saxlayırdılar. Onların barəsində həbs tədbirinin dəyşdirilməsi üçün hər biznesmendən 350 min manat alırdılar. Sonra Eldar Mahmudovun və onun kassiri Akif Çovdarovun qruplaşmasının toruna düşən biznesmenlər azadlığa buraxılmaq, MTN-in təcridxanasından çıxmaq üçün milyonlar ödəyirdilər.

MTN generalitetinin cinayətkar və qanunsuz fəaliyyəti müstəqil biznesin boğulmasına, ölkə iqtisadiyyatının müxtəlif sferalarının inhisara alınmasına yönəlmişdi. Sahibkarlar təbəqəsinə qarşı yırtıcı hücumlar ağır nəticələrə gətirib çıxardı - yüzlərlə biznesmen talan edildi, onların biznesi MTN rəhbərliyinin şəbəkəsi tərəfindən qəsb olundu. Son vaxtlar yüzlərlə sahibkar üzləşdikləri bu quldurluq və soyğunçuluq əməlləri ilə bağlı ölkə prezidenti İlham Əliyevin adına teleqramlar və məktublar göndərirdi. Və dövlət başçısının şəxsi tapşırığı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi xüsusi xidmət strukturunun rəhbərliyini nəzarət altına aldı. Nəticələr isə özünü çox gözlətmədi. Böyük hesabla İlham Əliyevin Nazirlər Kabineti ilə bu günlərdə keçirdiyi iclasda etdiyi çıxış sahibkar sinfinə qarşı qanunsuz mübarizəyə girişmiş güc strukturları üçün sonuncu xəbərdarlıq idi.

İlham Əliyev sahibkarlardan qanunsuz haqq yığılmasını dayandırmağı və onların qanuni vergiləri ödəməsini təmin etməyi tapşırdı.

"Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər daxil olur. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar isə sanki bir-biri ilə yarışa giriblər. Bu, dözülməzdir”- prezident İlham Əliyev bəyan etdi. Dövlət başçısı MTN rəhbərliyinin törətdiyi cinayətlərin əsl miqyasını da üstüörtülü də olsa ictimaiyyətdən gizlətmədi. "Yoxlamaların əksəriyyətinin arxasında maddi maraq dayanır. Yoxlayanlar gəlir, nəyisə yoxlayır, yaxud heç yoxlamır, ancaq sonda öz haqqını alıb gedir. Bütün bunlar reallıqdır. Heç kim üçün sirr deyil. Buna son qoymaq lazımdır. Ona görə də qısa müddət ərzində bu yoxlamalar barədə mənə hesabat verin, kim bu yoxlamaları aparır, ildə neçə dəfə aparır və niyə aparır. Burada hər şey sistemli olmalıdır. Müəyyən şərtlər qoymaq lazımdır ki, kim və hansı müddət ərzində yoxlaya bilər. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin azaltmalıyıq”- deyə prezident çıxışında bildirdi. Dövlət başçısı hökumət üzvlərini onların qanunsuz fəaliyyətinin yolverilməzliyi barədə xəbərdar etməyə imkan tapmamışdı ki, cəmi bir neçə gün əvvəl Şəmkirdə Akif Çovdarovun təşəbbüsü ilə 20 nəfər yaxın biznesmen saxlanıldı. Bu biznesmenlərin hamısı MTN-in təcridxanasına salınıb, onlara amansız işgəncə verilib və qeyri-insani rəftara məruz qoyulublar. MTN rəhbərliyinin adından biznesmenlərlə söhbət aparan Akif Çovdarov onların hər birindən 400 min manat tələb edib. Biznesmenlərin bu pulu ödəyib azadlığa çıxmaqdan başqa yolu qalmayıb. Lakin onlar baş verənlər barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə danışıblar. Və bu informasiya dövlət başçısına məruzə edilib. Görünür, bu, hakimiyyətin səbrini daşıran sonuncu damla olub. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovla MTN generallarının sensasion cinayətləri

Eldar Mahmudovla MTN generallarının sensasion cinayətləri

İki gün əvvəl prezident İlham Əliyevin qəfil sərəncamı ilə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudovla bağlı məsələ nəinki Azərbaycan m...

6334 Hadisə 13:03 19 oktyabr 2015

Son xəbərlər