İlham Əliyev MTN-nin vəfat edən generalı ilə bağlı nekroloq imzaladı
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.
BAKU.WS-in məlumatına görə, nekroluqda deyilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış dövlət xadimi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadə 2015-ci il sentyabrın 29-da ömrünün 87-ci ilində vəfat edib.
Ziya Yusifzadə 1929-cu il fevral ayının 15-də Şəki şəhərində anadan olub. Orta təhsilini 1946-cı ildə Zaqatala şəhərində başa vurmuşdur. O, 1947–1952-ci illərdə Moskva Dövlət Xarici Dillər Pedaqoji İnstitutunda ingilis dili ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1946–1947-ci illərdə Zaqatala şəhər orta məktəbində müəllim kimi başlayan Ziya Yusifzadə 1952–1953-cü illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda müəllim işləyib, 1953–1956-cı illərdə Azərbaycan Respublikası Maarif Nazirliyinin məktəblər idarəsinin inspektoru və eyni zamanda, 1954–1956-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetinin İşlər İdarəsinin referenti vəzifələrində çalışıb.
1956-cı ildən etibarən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul edilən Ziya Yusifzadə 1962-ci ilədək burada müxtəlif vəzifələr tutub, 1973-cü ildən isə Komitədə rəhbər vəzifələrdə çalışaraq 1977-ci ilədək Komitə sədrinin müavini, 1977–1980-ci illərdə Komitə sədrinin 1-ci müavini, 1980–1988-ci illərdə Komitənin sədri olub. O, 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbələrini alıb.
1988-ci ildə təhlükəsizlik orqanlarından istefaya çıxan Ziya Yusifzadə həmin vaxtdan 1992-ci ilədək Azərbaycan Respublikası Nazirlər Sovetinin daimi yaşayış yerlərini tərk etmiş əhali ilə iş üzrə xüsusi şöbəsinin müdiri işləyib. O, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub.
Ziya Yusifzadənin ömrünün 70 ilə yaxın bir dövrü Azərbaycan dövlət idarəçiliyi sistemində keçmişdir. Onun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarındakı uzunmüddətli fəaliyyəti yüksək professionallıq nümunəsidir. Ziya Yusifzadə çalışdığı hər bir sahədə məhz özünün zəngin biliyi, fədakarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bütün vəzifələrin öhdəsindən bacarıqla gəlib. Müstəqil Azərbaycanın dövlət təhlükəsizliyi sistemi formalaşdırılarkən milli kadrların hazırlanması işinin müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının geniş dünyagörüşlü, peşəkar kadrlar yetişdirən xüsusi təyinatlı, mötəbər ali təhsil ocağı kimi təşkilində Ziya Yusifzadənin fəaliyyəti təqdirə layiqdir.
Ziya Yusifzadə bir neçə çağırış Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. O, vətənə şərəflə xidməti həyatının başlıca amalına çevirmiş, ölkədə baş verən proseslərə münasibətdə daim obyektivlik nümayiş etdirmiş və dövlətçilik prinsiplərini hər zaman uca tutub.
Ziya Yusifzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir çox orden və medallarla təltif olunmuş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Azərbaycan Bayrağı” və "Şöhrət” ordenlərinə layiq görülüb.
Tanınmış dövlət xadimi, bacarıqlı təşkilatçı və gözəl pedaqoq Ziya Məmmədiyyə oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Eldar Mahmudov
Zakir Həsənov
Ramil Usubov
Fikrət Məmmədov
Yavər Camalov
Mikayıl Cabbarov
Elçin Quliyev
Fəttah Heydərov
Dadaş Rzayev
Tofiq Ağahüseynov"
BAKU.WS
Oxşar xəbərlər
Abid Şərifov generala görə ağladı (FOTO)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə ilə vida mərasimi keçirilib. BAKU.WS-in məlumatına görə, azVi...