MTN generalının vəfatı ilə bağlı başsağlığı

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə vəfatı ilə bağlı başsağlığı verib.
BAKU.WS-in məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun illər təhlükəsizlik sahəsində böyük xidmətləri olmuş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə evində dünyasını dəyişib. Hazırda generalla vida mərasiminin keçirilməsi üçün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində hazırlıq görülür.
Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili 1946-cı ildə Zaqatala şəhərində qızıl medalla başa vurmuşdur. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib.
1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb.
1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxıb. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olmuşdur.
1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi almışdır.
1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik edib. 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılandan bu xüsusi ali məktəbin rəisidir.
Sovet dövründə Bakı Sovetinin və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.
SSRİ DTK-nın və Azərbaycan Respublikası Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı adlarını almışdır. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin "Azərbaycan bayrağı” və "Şöhrət” ordenlərinə layiq görülüb. Ziya Yusifzadə mərhum prezident Heydər Əliyevlə yaxın dost olub.
Allah rəhmət eləsin!
BAKU.WS
