MTN əməkdaşları saxlanıldı
Bir çox iqtidaryönlü KİV-lər dünən MTN-in bəzi əməkdaşlarının həbsi və xüsusi xidmət orqanları işçilərinin kabinetlərində xüsusi əməliyyat keçirilməsi barədə informasiyalar yayıb. BAKU.WS-in məlumatına görə, Virtualaz.org saytı sözügedən informasiyalar ətrafında araşdırma apararaq onu hüquq-mühafizə orqanlarına yaxın mənbələri ilə dəqiqləşdirib. Məlum olub ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar. Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır. Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar. Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir. Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermirlər.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Təhlükəsizlik Şurasının təcili toplantısını keçirdi
Prezident İlham Əliyev bu gün fövqəladə toplantı keçirib. İstirahət günü olsa da dövlət başçısı bu gün işdə olub. BAKU.WS xəbər verir ki, məlumatlı mənbələrdən...