İki məktəblini öldürən “sürücü” ömürlük ala bilərmi? - hüquqşünas rəyi
Vəkil: "Maddədə nəzərdə tutulan cəzadan yuxarı cəza verilməsi qanunla mümkün deyil"
Ötən həftə Zaqatalada 2 məktəblinin maşınla vurularaq öldürülməsi hər kəsi üzdü. Artıq azyaşlıları öldürən sürücü həbs edilib. Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Məlum olub ki, həmin şəxs Zaqatala şəhər sakinidir və əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Üstəlik, onun sürücülük hüququ olmayıb.
O, həmçinin etibarnaməsiz idarə etdiyi "Mercedes" markalı, Az 39 BB 320 dövlət nömrə nişanlı avtomobillə rayonun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib. İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə, sonradan isə Bakıdakı xəstəxanaya yerləşdirilib.
Bəs ağırlaşdırıcı xüsusatlar (məhkumluq, sürücülük vəsiqəsinin olmaması, olayın tipik yol qəzası deyil, əslində bir qətliam olması və s.) ona ən ağır cəzanın - ömürlük həbsin kəsilməsini şərtləndirə bilərmi ki, bəlkə başqa "sürücü"lərə də dərs olsun? Qanunlarımız, ədalət sistemimiz nə deyir?
BAKU.WS xəbər verir ki, vəkil Əziz Qənbərov "Yeni Müsavat"a deyib ki, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı ittihamda nəzərdə tutulan maddənin sanksiyasında müəyyən edilən cəzanın yuxarı həddində cəza verilə bilər: "Maddədə nəzərdə tutulan cəzadan yuxarı cəza verilməsi qanunla mümkün deyil. Şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma 2 və daha çox şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunur. Həmin maddənin sanksiyasına əsasən şəxs barəsində 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Məhkəmə cəza təyin edərkən işin ağırlaşdırıcı və yüngülləşdirici hallarını nəzərə almalıdır. Şəxs tərəfindən əvvəllər cinayət törədilibsə, bu hal ağırlaşdırıcı hal hesab edilir və cəzanın ağırılaşması üçün əsas ola bilər. Bu halda belə cəza sanksiyada nəzərdə tutulmuş həddən yuxarı ola bilməz. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yəni qanunvericilik bu tipli şəxslərə digər şəxslərlə münasibətdə fərqli (daha ağır cəza verilməsini) münasibət nəzərdə tutur. Bu norma da imperativ normadır".
Emin İbrahimovun əvvəllər məhkum olunduğu maddəyə gəlincə, onun əməli hərbi xidmət əleyhinə olan cinayətlər kateqoriyasına aid olub. Cinayət Məcəlləsinin 35-ci fəslində yer alan 332.1 maddəsi - Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma adlanır. Bu əmələ yol vermiş şəxs barəsində 1 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Emin İbrahimovun barəsində 332.1 maddəsi üzrə hökmün nə vaxt çıxarıldığı haqda məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycanda ən ağır yol nəqliyyat hadisəsi törətmiş şəxsə maksimum 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilir. Sürücülük hüququ isə ən çox 5 il müddətinə məhdudlaşdırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində yol nəqliyyat hadisəsi törətmiş şəxslərə təyin edilən cəzalar göstərilir. Belə ki, əgər sürücü alkoqollu içkilərin qəbulu, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin təsiri altında və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda qəza törədərsə, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa, onu aşağıdakı cəza gözləyir:
- 3 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5-7 min manat cərimə
- 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə
Əgər bu halda sürücü qəza törədən zaman zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa, onu 4 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, sürücü 5 ilədək sürücülük hüququndan məhrum edilə, 5-8 ilədək azadlıqdan məhrum edilə bilər.
Azərbaycanda yol nəqliyyat hadisəsi törədən şəxsə ən ağır cəza isə 263-cü maddənin sonuncu bəndinə (263.1.4-cü) əsasən təyin edilir. Sürücü sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda qəza törədərsə və qəza zamanı 2 və daha artıq şəxs dünyasını dəyişərsə, sürücü maksimum olaraq 10 il müddətinə azadlıqdan məhrum edilə və o, sadəcə, 5 il müddətinə sürücülük hüququndan məhrum edilə bilər. Əgər sürücü sərxoş olmadığı və sürücülük hüququ olduğu halda qəza törədərsə, iki və daha artıq şəxsin ölümünə səbəb olarsa, 10 il müddətinə cəza ala bilər və 5 il müddətinə sürücülük hüququndan məhrum edilə bilər.
Oxşar xəbərlər
Zaqatalada şagirdləri maşınla vuraraq öldürməkdə şübhəli bilinən Emilin FOTOSU
Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonu Göyəm kəndində “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. G...