I Qarabağ müharibəsi şəhidi Fərhad Atakişiyevin anım mərasimi keçirilib

"Azərbaycan bayrağı" ordenli I Qarabağ müharibəsi şəhidi Fərhad Atakişiyevin anım mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, anım mərasimində şəhidin yaxınları və ailə üzvləri iştirak ediblər.
Anası Dilarə Atakişiyeva açıqlamasında deyib ki, Fərhad ali təhsilini yarıda qoyaraq müharibəyə könüllü qoşulub:
"Fərhad haqqında çox şey danışa bilərəm, amma mənim üçün çox ağırdır. Kəşfiyyatçı idi, qəhrəmanlıqları çoxdur. Fərhad bütün kəndə bələd idi. Fərhad əsirlikdə olan zaman ermənilər ona deyib ki, televiziyada "Qarabağ Ermənistandır" de və səni azad edək. O isə deyib ki, "Sizə torpaq verməyəcəyik, məni öldürsəniz belə məndən qeyrətli oğullar var, qisasımı alacaqlar".

Şəhid anası əlavə edib ki, Fərhad Kərkicahanda, Xankəndidə, Malıbəylidə döyüşüb.
Dilarə Atakişiyeva oğluna qəhrəman adının verilməsini arzulayır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçmiş əməkdaşı Altay Səfərov isə qeyd edib ki, Fərhad Atakişiyev qoşulduğu 22 nəfərdən ibarət dəstəni bir neçə dəfə ermənilərin mühasirəsindən çıxarıb.
"Onun ölümü çox dəhşətli idi. Ailəsinin dediyinə görə, o, gecə vaxtı ailəsinə məktub yazıb və könüllü olaraq müharibəyə qoşulub. Çünki o, bələdçi-kəşfiyyatçı idi. Əsirlər danışıb ki, onun yerli sakin olmasını ermənilərdən mümkün qədər gizlədib. Çünki o, döyüş zamanı qarşı tərəfə ciddi ziyanlar vurub. Lakin əsirlikdə olan zaman bir erməni onu tanıyıb. Döyüşlərdə yüksək hərbi göstəricilərlə insanlar fərqlənir, amma əsirlikdə ola-ola ölümü gözə almaq böyük qəhrəmanlıqdır".

Onun sözlərinə görə, şəhidin meyiti Milli Qəhrəman Allahverdi Bağırovun dəstəyi ilə geri qaytarılıb:
"Mərhumun nəşi ekspertiza edilən zaman meyitin üzərində bir-birini təkrarlamayan, hər biri ayrılıqda insan ölümü ilə nəticələnən 72 işgəncə izi aşkarlanıb. Bunlara it dişləmələri, məftillə dəlib-deşmə kimi faktlar daxildir. Fərhad Atakişiyev boyun nahiyəsindən resorla qətlə yetirilib. Onun ölümü çox dəhşətli olub".
Şəhidin qardaşı Elman Atakişiyev isə bildirib ki, qardaşı çox sakit və ağırtəbiətli biri olub:
"Memarlıq və İnşaat Universitetində Memarlıq fakültəsinə qəbul olmuşdu. Fərhad respublika üzrə orta məktəbdə riyaziyyatdan ikinci yeri tutmuşdu. Hərbi xidmətdə olduğu zaman ailəmizə 4 dəfə təşəkkür məktubu gəlmişdi. Bu gün torpaqlarımız azaddır. Mən Kərkicahana getdim. Qardaşımın xidmət etdiyi səngərə oldum. Bu gün Xankəndidə, Kərkicahan qəsəbəsində və Ağcabədidə adına küçə verilib".
O əlavə edib ki, Fərhad Atakişiyevin qoşulduğu 22 nəfərlik dəstə insanların kənddən çıxmasına kömək edib:
"O, əsir götürüləndə özündə olmayıb. Xankəndidə ona təsəvvürə sığmaz formada işgəncələr verilib. Ona "Qarabağ Ermənistanındır, Kərkicahan Ermənistanındır" dedirtmək istəyiblər. Amma Fərhad bunu etməyib".

Keçmiş hərbçi, polkovnik İlham Hətəmov bildirib ki, o, mərhumla sinif yoldaşı olub:
"Xankəndidə Nizami adına 4 nömrəli məktəbdə bir sinifdə oxumuşuq. Həmişə ürəyində qürurverici fikirlər olurdu. Uşaq vaxtından vətənpərvər olduğu bilinirdi. Sonda o bunu bir daha sübut etdi".
Qeyd edək ki, F.Atakişiyev 1970-ci il iyulun 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub. 1991-ci il dekabrında könüllü olaraq müharibəyə qoşulub. Uzun müddət davam edən döyüşlər zamanı o, əsir götürülür və işgəncələrlə qətlə yetirilib. 1992-ci il yanvarın 28-də nəşi geri qaytarılan Fərhad Atakişiyev Ağcabədi rayon Üzeyir qəbiristanlığında dəfn edilib. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra baş çavuş hərbi rütbəsi və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı
Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz t...