“Hardasan əə, 3 gündür Bakıda at oynadırsan” - MTN generalının işində şok epizod

“Hardasan əə, 3 gündür Bakıda at oynadırsan” - MTN generalının işində şok epizod
Hadisə 11330
 

Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun  barəsində aparılmı istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb. 

Virtualaz.org bu gündən başlayaraq qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion, indiyədək heç yerdə bəhs olunmayan epizodları oxuculara təqdim edəcək. Belə epizodlardan biri Çovdarovun işi üzrə zərərçəkən iş adamlarından biri, qızıl-zinət əşyalarının istehsalı və satışı ilə məşğul olan "Riyad Prodakşn” şirkətinin direktoru Qurbanov Şahmar Sərdar oğlunun istintaqa verdiyi ifadədir.

"Hardasan əə, 3 gündür gizlənirsən?”

Şahmar Qurbanov istintaqa verdiyi ifadədə göstərib ki, 1994-cü ildən zərgərlik fəaliyyəti ilə məşğul olur. 2007-ci ildə onu Akif Çovdarov MTN-ə çağırıb, Qurbanov generalın xidməti kabinetində onunla görüşüb. Və iş adamı otağa girən kimi Çovdarov onun üstünə qışqırıb: "Hardasan əə, üç gündür qaçıb gizlənirsən? At oynadırsan Bakıda, bir hindistanlıya 120 min dollar borcun var. Ona pul atmısan, milyonlar qazanırsan, gizli yolla brilyant gətirmisən. Bakı Əyləncə Mərkəzində toy etmisən, filan qədər pul vermisən”.

Şahmar Qurbanovun bildirdiyinə görə, Çovdarov daha sonra onun nə vaxt hansı ölkəyə səfər etdiyi, Bakıdakı evlərinin sayı, 4 maşınının olması barədə məlumatları deyib. Onun telefon danışıqlarından sitatlar gətirib və iş adamı əmin olub ki, Çovdarov onun telefon danışıqlarına qulaq asdırıb. Habelə izlətdirib.

Ya 1 milyon dollar, ya "podval”

Hədə-qorxu və şantajdan sonra  Çovdarov mətləbə keçib  və qızıl-brilyant alverçisinə deyib: "İndi 2 adam çağıraram, narkotiki qoyarlar qabağına, buradan da birbaşa gedərsən podvala. Ya da 1 milyon dollar verib canını qurtara bilərsən”.

Şahmar Qurbanov MTN generalının bu hədə-qorxusundan özünü itirib, qorxusundan əsə-əsə Çovdarova yalvarıb ki, onu buraxsın. Ancaq ona verməyə 1 milyon dolları yoxdur, bu qədər pulu düzəldə bilməz.

Bədheybətin yumşalması : "Sənə hörmətim bu olar ki...”

Bədheybət general bu dəfə "yumşalır” və iş adamına "hörmət” edir: "Sənə hörmətim bu olar ki, 500 min dollar verəsən, qalan 500 min dolları da brilyant olaraq çatdırasan. Sənə 3 gün vaxt verirəm”.

Ş.Qurbanov həbs olunacağından qorxaraq dərhal Çovdarovun bu "konstruktiv təklifi” ilə razılaşır. İş adamı ifadəsində təsdiq edir ki, onun həqiqətən də Qriş adlı Hindistan vətəndaşına 120 min dollar borcu var idi. Çovdarov isə bu məlumatı ola bilsin onun telefon danışıqlarına qulaq asdırmaqla öyrənib. Yaxud məlumatı Çovdarovun işçisi və Qrişin dostu İsgəndər Hüseynov ona ötürüb.

Bunun ardınca Çovdarov həmin İsgəndər Hüseynovu otağına çağırır, ona göstəriş verir ki, qızıl alverçisini başqa otağa aparıb Qrişə olan borcunu 2 ay ərzində ödəyəcəyinə dair ərizə-iltizam yazdırıb imzalatsın. Çovdarovun "çekisti” iş adamını qonşu otağa aparır və ona müvafiq ərizəni yazıb imzalatdırır. Və iş adamı ərizəni imzalayıb MTN-dən çıxır.

Çovdarovun işçisi cəmi 5-6 gün sonra peyda olur: "Qrişin borcunu təcili ödə”

Lakin cəmi 5-6 gün sonra İsgəndər Hüseynov Ş.Qurbanovun iş yerində peyda olur, ona bildirir ki, Qrişə olan borcu təcili ödəmək lazımdır. Ş.Qurbanov çıxılmaz vəziyyətdə qalır və deyir ki, hazırda o qədər pulu yoxdur. Bu zaman Çovdarovun işçisi rəisi kimi "kompromis” təklif edir, bildirir ki, pulu yoxsa 120 minlik əmlak da verə bilər.

Şahmar Qurbanovun bu təkliflə razılaşmaqdan başqa yolu qalmır. O, Bakının Əhmədli qəsəbəsində çoxmərtəbəli bina inşa edən dostu Rövşəndən xahiş edir ki, tikdirdiyi binada 120 min dollarlıq bir mənzili İsgəndərin arvadının adına sənədləşdirsin. Sənədləşmə baş tutur, ancaq həmin mənzildə nə Çovdarovun işçisi, nə arvadı yaşamır. Mənzil 2 aydan sonra satılır.

İş adamı bütün var-dövlətini satır...

İş adamı Çovdarovun tələb etdiyi 500 min dolları düzəltmək üçün Bakının Zərgərpalan küçəsində yerləşən 250 kvadratmetrlik mülkü Aqil adlı başqa qızıl alverçisinə 470 min dollara satır. Üstəlik Anar adlı dostundan 100 min dollar borc alır. Habelə özünə məxsus "Hummer H3”, "Mercedes S Class” və "Craysler” markalı avtomobilləri satıb, bu satışdan daha 100 min dollar toplayıb. Bununla da kifayətlənməyib və İradə adlı tanışından 70 min dollar borc alıb.

Çovdarovun 050 210 60 12 mobil nömrəsinə zəng, "Şamaxinka” da generala verilən 500 min dollar

Şahmar Qurbanov həmin pulları MTN-dən çıxandan sonra cəmi 3-4 gün ərzində toplayıb. O, 2007-ci il avqust ayının ortalarında Çovdarovun 050 210 60 12 mobil nömrəsinə zəng vuraraq məbləğin hazır olduğunu deyib. Əvvəlcədən razılaşdıqları kimi 500 min dolları Bakının "Şamaxinka” ərazisində Çovdarovun xidməti avtomobilində onun özünə çatdırıb. Çovdarov pulu alandan sonra bildirib ki, qalan 500 min dollarlıq brilyantın nə vaxt hansı şəkildə çatdırılmalı olduğunu telefonla bildirəcək. Bildirib ki, həmin daş-qaşı hazırlamaq üçün 1-2 ay vaxt verir.

Ş.Qurbanov Çovdarovun ondan tələb etdiyi 500 min dollarlıq brilyantı ala bilmək üçün Bakının Səməd Vurğun küçəsindəki mənzilini 120 min dollara satıb, arvadı üçün aldığı "Toyota Camry” avtomobilini və onun qızıl-zinət əşyalarını və s. satıb. Bu yolla 400 min dollar cəmləşdirib.

Brilyant dalınca Hindistana, oradan Dubaya...

2007-ci ilin payızında Ş.Qurbanov Akif Çovdarovun tələb etdiyi brilyan daş-qaşa baxmaq üçün Hindistana, oradan Dubaya gedib. Dubaydan daş-qaşın siyahısını götürərək oradan Çovdarovun mobil telefon nömrəsinə zəng vurub. Çovdarov deyib ki, hazırda İstanbuldadır və orada görüşmək lazımdır. Qurbanov elə həmin gün Dubaydan İstanbula uçur, Çovdarovla görüşüb ona brilyant daş-qaşın siyahısını təqdim edir.

Çovdarov iki qızı və gəlini üçün nə sifariş verdi

Çovdarov bu siyahı ilə tanış olduqdan sonra iki qızı və gəlini üçün 9 ədəd 1 karatlıq brilyant, arvadı üçün 1 ədəd 3 karatlıq brilyant seçib. Ş.Qurbanov ertəsi gün İstanbuldan Bakıya gəlib. Buradan Çovdarovun ona caladığı İsgəndər Hüseynovla birlikdə brilyant daş-qaşı almaq üçün yenidən Dubaya uçub. Çovdarovun seçdiyi brilyantlara 120 min dollar verərək alıb və İsgəndərlə birlikdə Bakıya qayıdıb. Bakıya qayıdan günü ertəsi Ş.Qurbanov Çovdarova zəng edərək daş-qaşın hazır olduğunu deyib. Və razılaşdıqları kimi həmin daş-qaşı generala MTN-in inzibati binasının qarşısında, Parlament prospektində yenə də Çovdarovun xidməti avtomobilində ona şəxsən çatdırıb.

İş adamı ifadəsində deyib ki, Dubaydan brilyantları alıb gətirəndə Bakı aeroportunda onu MTN əməkdaşları qarşıladı və sərhəd-gömrük yoxlamasındn keçirdi.

Bu dəfə Eldar Mahmudov üçün brilyant-260 min dollarlıq

Çovdarov qızları və arvadı üçün daş-qaşları alandan bir gün sonra yenidən Ş.Qurbanova zəng vurur. Bu dəfə deyir ki, "rəhbərlik üçün” (nazir Eldar Mahmudov nəzərdə tutulur) 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq, sertifikatı olan brilyant gətirmək lazımdır. Ş.Qurbanov bu tapşırıq əsasında 5 gün sonra yenidən Dubaya uçur, oradan MTN "rəhbərliyi” üçün nəzərdə tutulan brilyantı 260 min dollara alıb Bakıya gətirir. Çovdarova zəng vurur və ertəsi gün onun Novxanıdakı bağ evində generalla görüşərək daş-qaşı çatdırır. Bu zaman Çovdarov xəbərdarlıq edir: "Əgər sənin bu brilyantları almağın haqda İsgəndər də daxil olmaqla kimsə eşitsə həbsə gedəcəksən!”.

Generalın qızları və arvadı zərgərlik sexinə gedir...

Beləliklə, Ş.Qurbanov Çovdarova 500 min dollar nəğd və 380 min dollarlıq brilyant olmaqla cəmi 880 min dollar verir. Qanqsterin soyğuçuluğu bununla da bitmir. Üstəlik cinayət işinin materiallarından məlum olur ki, soyğunçuluğa nəinki Çovdarov özü, üstəlik onun arvadı və qızları da qoşulubmuş. Belə ki, aradan bir neçə gün keçəndən sonra Çovdarovun arvadı və qızları Ş.Qurbanovun işlətdiyi zərgərlik sexinə gəlir. Ona əmr edilir ki, Dubaydan gətirilən brilyant qaşlara uyğun olaraq qızıl üzük-sırqa düzəltsin. Qurbanovun bu işə daha 1000-1500 manatı gedir. Qızıl taciri nəhayət müflisləşir və Azərbaycanda fəaliyyətini dayandıraraq 2011-ci ildə İstanbulda qızıl alverinə girir.

İstintaq Ş.Qurbanovu A.Çovdarovla üzləşdirib və generalın bu soyğunçuluq əməllərinə dair dəlil-sübutları təqdim edib. Habelə 500 min dolları Çovdarova çatdırarkən onun xidməti maşınının sükanı arxasında olan sürücünü də üzləşdirmədə tanıyıb. Həmin şəxs hazırda da DTX-də sürücü işləyən Atakişiyev Nurxan Aslan oğlu idi...

BAKU.WS

Son xəbərlər