Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq - generalın məhkəməsi canlı yayımda!
Həbsdəki generalın məhkəmə yerinin dəyişdirilməsinin şok səbəbləri
Sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.
BAKU.WS musavat.com-a istinadən bildirir ki, Sabunçu Rayon Məhkəmə Kompleksi 2015-ci ilin 21 oktyabrında istifadəyə verilib. Müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edir. Bununla da hakimlər və vətəndaşlar arasında münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
A.Çovdarovun prosesi keçiriləcək məhkəmə zalında audio-videoyazılışları aparan "Femida" sistemi quraşdırılıb ki, bunun köməyi ilə prosesi məhkəmədən də kənarda canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür.
MTN generalları məhkəmə zamanı gülləkeçirməz xüsusi şüşə qəfəsdə saxlanılacaqlar. Burada onların vəkillə birbaşa və rahat əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Maraqlıdır ki, məhkəmə zalında əcnəbi şəxslərin iştirakı zamanı tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.
A.Çovdarovun özünə gəlincə, o, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib. Rəis müavini bildirib ki, A.Çovdarovun səhhəti normallaşıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində daimi həkim nəzarətindədir: "Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib. Onda əvvəldən xəstəliklər olub. Hazırda o, tibb sanitar hissəsində həkim nəzarətindədir".
A.Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməməsinə gəlincə, rəis müavini bildirib ki, hələlik buna ehtiyac yoxdur: "Tibb məntəqəsində onun müayinəsi üçün bütün şəraitlər var, ona görə də ehtiyac yoxdur".
İ.Qurbanov A.Çovdarovun müalicə olunması üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslı kardioloq-həkimin olmaması ilə bağlı yayılan iddialara da münasibət bildirib: "Bu məlumatlar əsassızdır. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslaşmış kardioloq-həkim də var, lazım olan avadanlıqlar da. Yayılan məlumatların heç bir əsası yoxdur. Hətta Akif Çovdarovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində kardioqramma aparatları da var. A.Çovdarova lazımi səviyyədə müayinə xidməti göstərilir. Akif Çovdarovun səhhəti o qədər də kritik deyil ki, onun Müalicə Müəssisəsinə köçürülməsinə qərar verilsin. Köçürülməyə ehtiyac olmadığı üçün o, təcridxananın tibb-sanitar hissəsində saxlanılır. Akif Çovdarov həftədə bir dəfə kardioloq tərəfindən müayinə olunur, səhhəti nəzarətdə saxlanılır. Akif Çovdarovu müayinə etmək üçün Ədliyyə Nazirliyin Hospitalının ixtisaslı kardioloq-həkimi, elmlər namizədi də həftədə bir dəfə təcridxanaya dəvət edilir, onu müayinə edir, təyinatlar verir. Hazırda da Akif Çovdarovun səhhəti normal, stabildir".
İ.Qurbanov bildirib ki, A.Çovdarovun aclıq aksiyası keçirməsi barədə onlarda rəsmi məlumat yoxdur.
Qeyd edək ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. A.Çovdarovun barəsində seçilmiş həbs-qəti imkan tədbiri bir neçə dəfə artırılıb.
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Keçmiş MTN generalının işinə Bakı Hərbi Məhkəməsində baxılacaq
"Akif Çovdarovun cinayət işi üzrə sənədlərlə tanış oluruq". Bunu APA-ya açıqlamasında həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və N...