“Expressbank”ın məhkəməsində qalmaqal: bank zamini həbs etdirmək istədi
"Dünən 1 saat 40 dəqiqə gözləmədən sonra Sabunçu rayonu məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə "Expressbank”ın sifarişi ilə icra məmurunun təqdimatı əsasında vəkili olduğum zamin vətəndaşın həbsi məsələsinə baxıldı. İclas o zaman (saat 17.40) başladı ki, onu izləməyə gələnlər təxirə salınacağını düşünərək məhkəmi tərk etdilər. Məhz bundan sonra iclas zalına vətəndaşı həbs etməyə gələn polislər daxil oldu".
BAKU.WS-in məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov Facebook-da yazıb. Mütəxəssis bildirir ki, 1550 manat borcu bank borcludan deyil, nədənsə yalnız zamindən tələb edir və onu həbs etdirmək istəyir. Zamin hətta borc edib 50 manat da ödəyib artıq ki, ondan əl çəksinlər, amma əl çəkmirlər:
"İclasda mən ilk növbədə icra məmuruna suallar verdim:
- Tərtib etdiyiniz protokolda vətəndaşa dəfələrlə şifahi xəbərdarlıq etdiyinizi yazırsız. Konkret nə vaxt xəbərdarlıq etmisiz?
- Yadımda deyil.
- Həmçinin yazırsız ki, vətəndaş ödənişi qərəzli olaraq həyata keçirmir. Qərəz nədən ibarətdir? Bunu necə müəyyən etmisiz?
- Ödəmir də. Bu qədər vaxtı olub.
- Daşınmaz Əmlakın Dövlət Reyestrinə və Daxili İşlər Nazirliyinə adına daşınmaz əmlakın və avtomobilin olması haqda sorğu vermisiz?
- Bəli.
- Cavab var?
- Xeyr.
- Sorğularınız işin içində var?
- Xeyr.
- Bəs vətəndaşın əmlak vəziyyətini necə müəyyən etmisiz?
- ...
- Protokolda yazırsız ki, vətəndaşın əmək haqqı yoxdur, işsizdir. Fikrinizcə, belə olduğu halda pulu necə ödəməli idi? Adam öldürməli, oğurluq etməli idi?
- Xeyr.
- Banklarda pulunun olması haqda sorğu vermisiz?
- Bizim sorğulara ancaq 4 bank cavab verir.
- Uzağa getmək lazım deyil. Elə Expressbankda hesabında 1000 manat pul var. Bunu niyə müəyyən etməmisiz?"
Ə.Həsənov deyir ki, bu anda bankın Orxan adlı hüquqşünası qışqırmağa başladı ki, bu yalandır, bankda vətəndaşın əmanəti yoxdur və sənəd təqdim etməyi tələb etdi: "Mən sənəd təqdim edəndə isə başladı ki, bu, əmanət deyil, cari hesabdır və vətəndaşın digər öhdəliyi üçün saxlanılan puldur. Bunun ətrafında xeyli mübahisə getdi və hakim bildirdi ki, hesabda pul varsa, bank oradan tutsun, vəssalam, işə xitam verirəm, qalan pulu bilavasitə borcludan tutun. Bankın hüquqşünası dedi ki, məsələni bankla araşdırmalıdır. Hakim ona banka zəng etməyə icazə verdi və zaldan telefonla (vəkil olmaya-olmaya binaya telefonla necə daxil olduğu mənə qaranlıq qaldı!) çıxdı və 10 dəqiqəyə dönüb dedi ki, bəli, pul var, amma qoy vətəndaş söz versin ki, onu bu borca yönəldilməsinə etiraz etmir və banka gəlib ərizə versin. Əslində, buna heç bir ehtiyac yoxdur. İcra məmuru həmin pulu məcburi də tuta bilər. Amma vətəndaş təbii, dedi ki, elə günü sabah gəlib bunu edər və dəfələrlə banka bunu təklif etmişdi, amma bank onunla digər mübahisəsi olduğu üçün etmirdi".
Hüquqşünas bildirir ki, borca görə həbs Avropa Konvensiyasına ziddir və bizim qanun da yalnız üzrsüz səbəbdən məhkəmə aktının icra edilməməsinə görə həbsi ehtiva edir: "Təqsirin olması, üzrün olmaması icra məmuru tərəfindən sübut edilməlidir. Borca görə şəxsi məsuliyyət qədim dövrlərdə olub, Avropada hazırda yeganə dövlət bizik ki, borca görə həbs edirlər. Amma mən hətta bununla da razılaşardım, əgər bu sanksiya hamıya qarşı tətbiq edilsəydi. 10-dan çox bank müflis olub, orada insanların, şirkətlərin pulu batıb, niyə həmin bank sahibləri də həbs olunmur? Bütün banklarda, Expressbank daxil olmaqla minlərlə problemli kredit var, niyə banklar hamıdan borcu tələb etmir?"
Qeyd edək ki, məhkəmə iclası martın 9-na saat 10.00-a təxirə salınıb. Hakim deyib ki, bank həmin vaxtadək 1000 manat hesabdan silinsin, qalan borc borcludan tələb edilsin.
BAKU.WS
Oxşar xəbərlər
Bank krediti ilə başı bəlada olanlara şad xəbər
"Hələ bir neçə il öncə "zamin duran zaman düşünün, bu formal öhdəlik deyil” deyə insanlara ünvanlananda yəqin ki, çoxları düşünmürdü ki, "bu formal zaminlik” on...