Evinə qonaq gələn şəxsi balta ilə öldürdü - VİDEO

Evinə qonaq gələn şəxsi balta ilə öldürdü - VİDEO
Video
Hadisə 730

2019-cu il aprelin 28-i əvvəllər dəfələrlə məhkum olunan Ruslan İlyasov aralarında yaranmış mübahisə zamanı evinə qonaq gəlmiş Sergey Musayevi öldürüb.

İstintaqla müəyyən edilib ki, 2017-ci il avqustun 19-u Mərdəkan qəsəbəsində Ruslan əvvəllər onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sergeyin keçmiş arvadı Cəmilə Musayevaya cinsi əlaqədə olmağı təklif edib.

Qadın imtina etdikdə Ruslan masanın üzərindən götürdüyü bıçağı onun boğazına dirəyərək öldürməklə hədələyib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2 il sonra Sergey hadisə barədə biləndə, Ruslanı cəzalandırmaq məqsədi ilə onun Mərdəkan qəsəbəsində yaşadığı evə gəlir.

Qapının qarşısında yaranmış mübahisə zamanı Ruslan başı ilə Sergeyin sağ gözaltı nahiyəsinə zərbə vurur. Sergey həyətdən götürdüyü balta ilə Ruslana xəsarətlər yetirdikdə, Ruslan əlinə keçən musiqi aləti ilə ona zərbə endirir.

Ardınca oraqla Sergeyin kürək nahiyəsinə zərbələr vurur. Sonra Sergeyin əlindən baltanı götürüb bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək öldürür.

İstintaqa ifadəsində Ruslan bildirib ki, Sergeyi 1997-ci ildən tanıyır. Onunla 2010-cu ildə təsadüfən rastlaşıblar. Hadisədən 8 ay əvvəl Ruslan arvadı ilə birlikdə Sergeyin əvvəl qaldığı evə köçüb. 2019-cu il aprelin 22-də Sergey bir nəfərlə onun evinə gəlib və keçmiş arvadı Cəmiləyə sataşdığını deyib.

Ruslan bunun həqiqət olmadığını, əksinə qadının özünün onunla yaxınlıq etmək istədiyini bildirib. Buna görə küçəyə çıxıb, orada mübahisə ediblər.

Ruslanın arvadı qorxduğundan "102" xidmətinə zəng vuraraq məlumat verib. Ara sakitləşdikdən sonra isə Sergey çıxıb gedib. Səhərisi gün Sergey zəng vuraraq səhv hərəkət etdiyini bildirib.

Aprelin 28-i saat 16 radələrində Ruslanın həyat yoldaşı Qalina Sergeyin onların həyətində olduğunu dedikdə Ruslan onun barışmaq üçün gəldiyini düşünüb. Lakin qapını açanda tanışının əlində balta görüb.

Sergey onu öldürüb, Qalinanı isə zorlayacağını deyəndə əsəbləşib və dərhal başı ilə onun sifətinə zərbə vurub. Bundan sonra Sergeyi öldürüb.

Ruslan daha sonra həyətə çıxıb, arvadına Sergeyi öldürdüyünü bildirib. Gecə saatlarında şəhərin mərkəzində olarkən zəng edərək ev yiyəsinə evində Sergeyin meyitinin olduğunu, polisə isə səhər açılan kimi gəlib təslim olacağını bildirib.

Səhər saat 10 radələrində polis əməkdaşları gəlib onu “Koroğlu” metro stansiyasının qarşısından götürüb bölməyə aparıblar.

Ruslan bildirib ki, heç vaxt Cəmilə Musayevaya cinsi əlaqədə olmağı təklif etməyib, boğazına bıçaq dirəyib, öldürməklə hədələməyib. Qadının hansı səbəbdən onu şərlədiyini bilmir. Etdiyi hərəkətindən də peşman deyil.

Zərərçəkmiş Cəmilə Musayeva isə bildirib ki, Sergey onun 2-ci əri olub, 2013-cü ildə ailə həyatı qurublar. Ruslan İlyasovu da uzun illərdir, tanıyır.

Belə ki, o Sergeylə bir cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıblar. 2016-cı ildə artıq Sergeylə boşandıqdan sonra, kirayə ev tutaraq uşaqları ilə birlikdə yaşayıb.

Boşandıqdan sonra Sergeyin yenə həbsə düşməsini eşidib. Sergey azadlıqdan məhrum edildikdən sonra Ruslan və Qalina Cəmiləyə zəng vuraraq, evlərinə dəvət ediblər. 2017-ci il avqustun 19-da Ruslan onunla cinsi əlaqədə olmağı tələb edib və ona əl atıb.

Cəmilə müqavimət göstərdikdə Ruslan masanın üzərindən bıçağı götürüb, üstünə gəlib və kəsici aləti boğazına dirəyərək sakitləşməsə öldürəcəyi ilə hədələyib.

İntim əlaqədə olsa, onu buraxacağını, onsuz da əvvəllər həbsxanada olduğunu, lazım olsa yenə cəza çəkəcəyini bildirib.

Ruslan arada bir sakitləşib kənara çəkilən zaman imkan tapıb qızına zəng vurub, təcili ora gəlməsini deyib. Sonra onu buraxsın deyə kobud şəkildə yox, incə davranmağa başlayıb və hətta öz evinə getməyi təklif edib. Qızı gələndən sonra fürsət tapıb birlikdə ordan qaçıblar.

2018-ci ilin noyabr ayında Sergey azadlığa çıxandan sonra bacısı ona hər şeyi danışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan İlyasov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər