Ekstrasensin "zəlzələ xəbərdarlığı" panika yaratdı - RSXM-dən rəsmi açıqlama
Sosial şəbəkələrdə özünü ekstrasens kimi qələmə verən bir şəxsin guya Azərbaycanda yaxın günlərdə zəlzələ olacağı ilə bağlı məlumat yayıb. Onun paylaşımları qısa müddətdə 500 minə yaxın istifadəçi tərəfindən baxılıb və paylaşılıb.
BAKU.WS xəbər verir ki, həmin şəxs izləyicilərini ehtiyyatlı olmağa çağırıb.
Maraqlısı da budur ki, bəzi sosial şəbəkə istifadəçiləri onun söylədiklərinə ciddi yanaşıb.
Məsələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı BAKU.WS-ə açıqlama verib.
O, bildirib ki, zəlzələnin nəinki ölkəmizdə, heç dünyada dəqiq proqnozu yoxdur.
Vüsalə Rafiqqızının sözlərinə görə, hansısa təbiət hadisəsi ilə bağlı orta müddətli, yaxud uzun müddətli danışarkən kifayət qədər əsas olmalıdır:
"Burada söhbət təsdiqlənmiş elmi əsaslardan gedir. Doğrusu sosial şəbəkələrdə belə dırnaqarası ekspertlərin proqnozlarına biz əhəmiyyət vermirik. Bunlar hamısı qeyri-ciddi xarakter daşıyır. Azərbaycanda zəlzələnin öyrənilməsi və tədqiqatı ilə məşğul olan yeganə dövlət təşkilatı AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzidir. İstər ölkəmizdə, istərsə də həmsərhəd dövlətlərdə baş verən və bizim ərazimizdə də hiss olunan zəlzələlərlə bağlı məlumatlar bizim mərkəzin saytı tərəfindən ictimaiyyətə çatdırılır. Hətta hansısa zəlzələlər olduqda biz onun izahını veririk".
"Vətəndaşlara demək istərdim ki, belə qeyri-ciddi və heç bir əsası olmayan dırnaqarası ekspertlərə vaxtlarını sərf etməsinlər, çünki zəlzələnin dəqiq proqnozu yoxdur", - deyə qurum rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Uçuş aparatı ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlum...