Borca görə qətl: 18 illik həbs cəzası yenidən nəzərdən keçiriləcək

Borca görə qətl: 18 illik həbs cəzası yenidən nəzərdən keçiriləcək
Hadisə 77

Gəncədə adam öldürmədə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramovun barəsindəki qərardan kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, şikayətə Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə təşkil olunacaq məhkəmə tərkibi tərəfindən baxılacaq.

Xatırladaq ki, hadisə 11 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhərində baş verib. Həmin gün 42 yaşlı ingilis dili müəllimi Əli Bayramovun qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, dörd nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov özünün və 22 yaşlı oğlu Ayxanın tanışları olan 28 yaşlı Niyazi Bayramov və onun qardaşı, 36 yaşlı tarix müəllimi Kamal Bayramova bıçaq xəsarətləri yetirib. Bundan sonra K.Bayramov odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürüb.

Hadisə yerinə dərhal prokurorluq və polis əməkdaşları cəlb ediliblər, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Bıçaq xəsarətləri almış Niyazi və Kamal Bayramov xəstəxanaya yerləşdiriliblər.

İstintaq zamanı aşkar olunub ki, qətli törətməkdə şübhəli bilinən K.Bayramov öldürülən Əli Bayramovla qohum olub və hətta bir müddət onun evində yaşayıb. Münaqişənin əsas səbəbi isə maliyyə məsələləri olub - Əli Bayramov Kamal Bayramovun ailə üzvlərindən əvvəlcə 5 000, daha sonra isə 2 700 manat borc alıb, lakin bu vəsaiti qaytarmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsi K.Bayramovu 18 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edərək cəzasını 18 ilə endirmişdi.

İndi isə məsələyə Ali Məhkəmədə yenidən baxılacaq və bu işlə bağlı yekun qərar qəbul ediləcək.

Son xəbərlər