Bakıda üzərində ermənicə yazı qeyd olunan məhsul satılır (VİDEO)

Bakıda üzərində ermənicə yazı qeyd olunan məhsul satılır (VİDEO)
Video
Hadisə 1833

 

Bakıda mağazalarda vaxtı keçmiş, arxasında ermənicə yazı olan "monpasye" satılır. 

BAKU.WS musavat.com-a istinadən bildirir ki, paytaxtın mərkəzində yerləşən mağazaların birində satılan bu məhsul mərkəzi Rusiyanın Nijni Povoljye  şəhərində yerləşən "NP Konfil" şirkətinin istehsalıdır. Məhsulun qabının arxasında erməni, kazak və rus dillərində yazı var. Lakin məsələ burasındadır ki, həmin yazının üzərinə yapışdırılan Azərbaycan dilində yazılmış kağızda qeyd olunan tarix də səhv göstərilib. Belə ki, qabın üzərində vurulmuş tarixdə 03.02.2016-cı il tarixi göstərildiyi halda, Azərbaycan dilindəki kağızda bu, 19.03.2018-ci il kimi qeyd olunub. 

Məsələ ilə bağlı sözügedən sayta danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər kabinetinin 94 saylı qərarında qeyd olunur ki, əmtəə bazarında olan bütün mallar  xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır: "Çünki istehlakçının mal haqqında məlumat almaq kimi beynəlxalq və yerli hüquqları var. Qonşu ölkələrdə bu cür hal yoxdur ki, başqa dil altında məhsullar satılsın. Təəssüf ki, Azərbaycanda illərdir bu məsələ həll olunmamış qalır. Bəzi mağazalarda ümumiyyətlə 60 faiz malların üzərində milli dildə heç bir yazı tapmaq olmur. Təxminən 80 faiz texniki vasitələrin, o cümlədən avtomobillərin sənədləri xarici dillərdə yazılıb. Yəni bu bir problem olaraq qalmaqdadır.  Lakin qanun qadağan etmir ki, malın üzərində erməni dilində informasiya olsun. Eyni zamanda bu malı Azərbaycana gətirən biznes qurum, onun üzərinə yapışqanlı kağız vurmalı deyil. Qarşı tərəflə müqavilə bağlayan zaman şərtləri qoymalı, dövlətin qanunlarını bildirməlidir. Lazım olsa, məhsulun Azərbaycan dilində markalanmasına kömək etməlidir". 

Ekspert bildirib ki, məhsulun şirkət tərəfindən qeyd olunan istehsal və istifadə müddətini göstərən tarix, birmənalı olaraq saxlanılmalıdır: "Markalanma zamanı istehsalçı nə tarix qoyubsa, məhsulun da üzərində həmin tarix olmalıdır. Bunu dəyişmək istehlakçını aldatmaq deməkdir. Ümumiyyətlə, bu cür yapışqanların vurulmasının tərəfdarı deyiləm. Çox təəssüf ki, bu  cür istehlakçının aldadılması halları qalmaqda davam edir. Qeyd etdiyim kimi, qanun məhsulun üzərində başqa dildə yazının olmasını qadağan etmir, ancaq bir şərtlə ki, orada Azərbaycan dili də olsun. İndi yapışqanlı kağızı bir çıxış yolu kimi tapıblar. Lakin bu barədə qanunda heç bir şey yoxdur. Qanunda yazılıb ki, məhsul Azərbaycan dilində də markalanmalıdır".  

BAKU.WS

Son xəbərlər