Naxçıvanın dron hücumuna məruz qalması dünya mediasının diqqət mərkəzində

Naxçıvanın dron hücumuna məruz qalması dünya mediasının diqqət mərkəzində
Video
Siyasət 25

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, İsveçin "Agenda Nexus" analitik platformasında bölgədə artan gərginlik fonunda Azərbaycanın təhlükəsizlik məsələlərinə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, İranın martın 5-də Naxçıvana etdiyi dron hücumları mülki infrastrukturu hədəf alıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev hücumları pisləyərək onları terror aktı adlandırıb və ölkəsinin öz ərazisinə və ya mülki əhaliyə qarşı hücumlara dözməyəcəyini vurğulayıb. Dövlət başçısı təqsirkarların məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib və Ordunun təhdidlərə qətiyyətlə cavab verməyə hazır olduğunu bildirib.

Məqalədə həmçinin vurğulanır ki, Prezident İlham Əliyev Azərbaycanın qonşu dövlətlərə qarşı hücum əməliyyatları aparmadığını bildirib. Müəlliflər qeyd edirlər ki, Azərbaycan son on ildə Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə modernləşdirib. Müasir silah sistemləri, dronlar, Xüsusi Təyinatlı Qüvvələr və qabaqcıl kəşfiyyat imkanları ölkənin təhdidlərə operativ reaksiya verməsinə və sərhəd təhlükəsizliyini təmin etməsinə şərait yaradır.

Eyni zamanda Fransa hökuməti Naxçıvan Beynəlxalq Hava Limanına edilən dron hücumunu qətiyyətlə pisləyib.

Fransa Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda bildirilir ki, 2026-cı il martın 5-də səhər saatlarında Azərbaycanın Naxçıvan şəhərində yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı İran dronlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində dörd nəfərin yaralandığı qeyd olunur.

Rəsmi Paris baş vermiş hücumu ən sərt şəkildə pislədiyini bəyan edib, yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb və bu hadisə qarşısında Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb. Bəyanatda qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Fransa tərəfi hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirərək regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini bir daha vurğulayıb.

Son xəbərlər