Mağazalar vətəndaşları aldatmağın yeni üsulunu tapıblar

Mağazalar vətəndaşları aldatmağın yeni üsulunu tapıblar
Sosial 1843

 

Bir neçə gün öncə mətbuatda dekabrın 12-də alınan və üzərində istehsal tarixi 14 dekabr yazılan xamanın fotoları yayılmışdı.

BAKU.WS məlumat verir ki, həmin hadisə ərəfəsində "Qafqazinfo”ya belə bir məlumat daxil olub ki, Rusiyadan Azərbaycana yoqurt, qatıq, xama, "plitka” şokolad” və digər ərzaq məhsulları gətirən sahibkarın yükləri gömrükdə saxlanılıb, yoxlanış bitdikdə isə artıq həmin məhsulların saxlanma müddətinin bitməsinə 2 gün qalıbmış.

Buna görə də sahibkar o məhsulları Abşeron rayonu ərazisində yerləşən anbarında saxlayaraq xüsusi aparat vasitəsilə onların tarixini dəyişib. Bu məlumatı bizə həmin prosesin bir hissəsində iştirak edən şəxs vermişdi. Bundan bir qədər sonra artıq həmin ərazidə pərakəndə formada yerli bazardan 2 dəfə ucuz qiymətə həmin məhsullar satışa çıxarılıb. Sözügedən iki məsələdən sonra bu halların hansı şəraitdə baş verdiyini araşdırmağa başladıq.

Azad İstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, malların buraxılma tarixi, saxlanma müddəti və saxlanma şəraiti ilə bağlı ölkədə çox ciddi problemlər var: "Hər bir məhsulun saxlanma müddəti konkret texniki şərtlərlə müəyyən olunur. İstehsalçılar daim iş aparırlar ki, malların ən sonuncusunu da istehlakçının boğazına tıxasınlar. Məsələn, ölkədə buraxılan şərab məhsullarının üzərinə müddətsiz yazılıb, bu çox əcaib bir şeydir. Əhali bilməlidir ki, şərabların saxlanma müddəti 6 aydan, araqlar 1 ildən, konyakar isə 3 ildən artıq deyil. Lakin hamısının üzərinə müddətsiz yazılır, əksər spirtli içkilərin üzərinə isə heç istehsal tarixi də yazılmayıb. Tütün və tütün məmulatları haqda qanun qəbul edildikdə biz təklif etdik ki, siqaret qutularının üzərində istehsal tarixi yazılsın. Lakin bu təklif qəbul edilmədi, halbuki müəyyən saxlanma şəraiti şərtləri gözlənilməklə siqaret 1 ildən artıq saxlanıla bilməz.

Satışda olan məhsulların bu qaydalara uyğun olub-olmadığını İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Komitəsi yoxlayır. Bu komitə məhsulların üzərində qeyd olunan saxlanma müddətinin bitib-bitmədiyini yoxlayır. Lakin həmin məhsulların üzərinə istehsal və saxlanma tarixinin vurulmasına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Bu tarixlər istehsal yerində vurulur, lakin "QosStandart” həmin tarixin düzgün olub-olmadığına qərar verir”.

Ekspert vətəndaşları xəbərdar edərək məhsulların istehsal və saxlanma tarixinin hansı üsullarla saxtalaşdırıldığını açıqlayıb: "Məhsulların istehsal və saxlanma tarixi bir neçə üsulla dəyişdirilir. Ən primitivi köhnə tarixin üstünü qaralayıb yaxud silib yenisini vurmaqdır. Daha sivil aldatma yolu budur ki, tarixlər məhsulun qapağının üstündə vurulur. Saxlanma tarixi başqa çatdıqda o qapaq çıxardılır və yeni tarix vurulmuş qapaqlar onu əvəz edir. Məsələn, kəsmik, qatıq, süd məhsullarının qapaqların dəyişdirilməsi üsullarından tez-tez istifadə edilir. Biz tələb etmişik ki, tarix elə bir yerdə vurulmalıdır ki, məshulun qapağı açılanda "plomb” kimi qırılıb düşməlidir. Ölkədə elə sosiska istehsalçıları var ki, hər 10 sosiskadan bir istehsal və saxlanma tarixi qeyd olunur. Lakin bunu etməyən sahibkarlar da var.

Ən çox istifadə olunan üsullardan biri də qabın dəyişdirilməsidir. Məsələn, düyü qabına mərci doldurub üstündəki kağızı qoparıb yenisini yapışdırmaqla satışa buraxıblar. Hazırda bazarda belə məhsullar var. Ən təhlükəli hallardan biri də budur ki, ölkədə bir çox "alim”lər peyda olub. Onlar məhsulların yüksək standartlarla istehsal olunduğunu əsas gətirərək malların saxlanma müddətini artırmaqla bağlı protokol imzalayırlar”.

E.Hüseynov əhalinin aldanmamaq üçün hansı hallara diqqət yetirməli olduğunu deyib: "Vətəndaş məcburdur ki, aldanmamaq üçün öncə qeyd etdiyimiz hallara xüsusi diqqət yetirsin. İstehsal tarixi vurulan hissənin sonradan yapışdırılan kağız olub-olmadığına baxsın. İstehlakçının hüquqi var ki, satış şəbəkəsindən malın qaimə sənədini tələb etsin və malın dükana nə vaxt gəldiyini, istehsal və saxlanma tarixini öyrənsin. Lakin Azərbaycanda satılan malların 80 faizinin heç bir sənədi yoxdur. Nazirlər Kabinetinin qərarı var ki, hər bir ədədinin üzərində tarix olmayan məhsulların açıq satışı qadağandır. Lakin bu gün bütün marketlərdə konfetlər açıq satılır. Bu sahədə də kütləvi surətdə aldatma var. Həmin qərarda göstərilir ki, ət məhsulları paket formasında satılmalıdır və hər paketin üzərində istehsal tarixi vurulmalıdır. Amma supermarketlərdə ət açıq formada satılır. Yalnız paketlənmiş və buraxılma tarixi olan ət almaq lazımdır. Bu tarixlərin yazılmasında da ən əsas diqqət yetirilməli bir məqam var ki, istehlakçıların yazının şriftinə fikir verməlidirlər. Orijinal tarixlər avtomatik formada nazik tuşla yazılır. Qalın şriftlə yazılanlar isə sonradan əlavə edilənlərdir. Bu gün bazarda "Artiom Sol” duzunun orijinal məhsulları olsa da, bir aydır ki, saxta məhsulları da satılır. Bax bu məhsulu istehsal tarixinin şriftinə baxmaqla müəyyən etmək olar. Bu tarixlər istehsal prosesində vurulduğu üçün dövlət qurumunun özü tərəfindən müəyyən edilməsi praktiki olaraq mümkün deyil. Hökumət istehlakçıların hüquqlarının qorunması sahəsində effektiv siyasət apara bilmir. Dəfələrlə bildirmişik ki, Xırdalan dairəsinin yaxınlığında gecələr malların istehsal və saxlanma müddətini dəyişən anbar fəaliyyət göstərir”.

Birlik sədri müşahidələri və araşdırmaları nəticəsində hazırda bazarda olan saxta məhsulların bir neçəsinin adını açıqlayıb: "Bu gün bazarda ən çox vaxtı keçmiş məhsulu satıldığı sahə spirli içkilərdir. Bundan sonra sərinləşdirici içilər yer tutur. "Almalı”, "Tərxun” limonadları, Mingəçevirdə satılan "Nur” limonadlarının istehsal və buraxılma tarixi şübhəlidir və istehsal şəraiti standartlara uyğun deyil. "Nur”un sexləri dövlət tərəfindən bağlansa da, hələ də satışa buraxılır.

Bu hallara görə 1500 manata qədər cərimə nəzərdə tutulur. Bir neçə dəfə baş verdiyi təqdirdə isə daha ağır cəza tətbiq edilmir. Bu sahədə ən ağrılı məqam budur ki, yararsız olduğu üçün satışdan çıxarılan məhsulların məhv edilməsi ilə məşğul olan qurum yoxdur. Nazirlik əməkdaşı aşkar etdiyi malları dükan sahibinə verir, cəriməni yazır və deyir ki, bu məhsulların ləğv edilməsi haqda akt təqdim etsin. Sahibkar bir neçə gün sonra saxta yolla akt tərtib edir, həmin məhsulların istehsal tarixini dəyişib, yenidən satışa buraxır. Son 20 ildə cəmi 2 dəfə məhsul yandırılma prosesində iştirak etmişik. Halbuki, ay ərzində təxminən 1 ton məhsul bu hallara görə satışdan çıxarılır. Bu özü də dəryada bir damladır...”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bunlar yolverilməz faktlardır və istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Nəinki, istehlakçı hüquqlarının, hətta ölkənin hüquq və qanunlarına hörmətsizlikdir. Bu faktların içində cinayət tərkibi var. Noyabrın ayın 1-də sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması barədə qanun qüvvəyə mindi. Biz artıq bu sahədə nəzarət tədbirlərini tam başqa formada həyata keçiririk. Biz sahibkarlıq subyektində yoxlama həyata keçirmirik, istehlak bazarında müvafiq məhsulların tərkibindən nümunə götürüb standartlara uyğunluğunu yoxlayırıq. Bu qeyd etdiyiniz hadisələr standarın tələbinin pozulması faktıdır. Məhsulun üzərində göstərilən son tarix standartda göstərilən tarixlə uzlaşmalıdır. Misal üçün saxlanma müddəti standarta görə 5 aydırsa, onun üzərinə 5 ay 2 gün də vurula bilməz. Beş ayın tamamında həmin məhsul bazardandərhal çıxarılmalıdır. Məhsulun qapağının dəyişdirilməsi, tarixinin saxtalaşdırılması bədbəxt hadisələrin baş verməsinə səbəb ola biləcək cinayət tərkibli hallardır. Məhsulun saxlanma müddəti onun tərkibinə uyğun olmalıdır. Heç kim 10 gün öncə istehsal olunan çörəyi yeyə bilməz, çünki onun tərkibi dəyişir, kiflənmə baş verir. Qablaşdırılan digər məhsullar da saxlanma müddətindən artıq qaldıqda tərkibi dəyişir. Məhsulların saxlanma müddətinin dəyişdirilməsi, saxtalaşdırılmasının kütləvi hal almasına inanmıram”.

BAKU.WS 

Son xəbərlər