Bakıda təhlükəli virus: "Meningit, sətəlcəm, kəskin bronxit yaradır..."

Bakıda təhlükəli virus: Meningit, sətəlcəm, kəskin bronxit yaradır...
Hadisə 3516

Son günlər əhali arasında kəskin qrip xəstəliyi yayılıb. Bu narahatlıq daha çox qızdırma, qusma, bel və kürək nahiyəsində ağrılar, öskürəklə müşayiət olunur.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkimi Namiq Muradov lent.az-a bildirib ki, təkcə ötən gecə bir stansiyaya 6 çağırış daxil olub ki, bunların 5-i qızdırma və qusma şikayəti ilə bağlıdır. Həkim onu da əlavə edib ki, son günlər bu cür şikayətlərlə gələn çağırışların sayı çoxdur.

Ailə həkimi Əsəd Həsənov saytımıza açıqlamasında bunun virus xəstəliyi olduğunu bildirdi. Virus xəstəliyi mikroblara nisbətən daha sürətlə yayılmağa meyllidir. Yayılmanın səbəbi hava-damcı yoludur. Yəni xəstəlik mənbəyi xəstədir - o, nəfəs alır, asqırır, öskürür və virusları havaya yoluxdurur: "Xəstə ətrafdakıları yoluxdurmaqla yanaşı, öz bədənində də həmin virusları çoxaldır. Şəhər yerlərində viruslar sürətlə yayılır, rayon, kənd yerlərində isə yox. Çünki orada insanların bir-biri ilə təması şəhərdəki kimi sıx deyil. Böyük şəhərlərdə ictimai nəqliyyat, bizim metro, avtobuslarda sıxlıqlar çoxdur. İşə, məktəbə gedən zaman çox yaxın təmasda duranda bu virus başqalarına rahatlıqla keçir".

Həkim hər kəsin xəstəliyi eyni keçirmədiyini də əlavə edir. Bəzilərində ağır, bəzilərində isə yüngül ağrılar müşahidə olunur. İmmuniteti güclü olan insanlar xəstəliyi yüngül keçirir. Normal qidalanması olan, təmiz havada gəzən, idmanla məşğul olan, yəni sağlam həyat tərzi sürən adamlarda immunitet güvənli olur: "Bu virus infeksiyaları əsasən tənəffüs yollarını zədələyir. Burundan əsnəklə bronxlara, oradan tənəffüs sisteminə yayılır. Bu, insan orqanizmi üçün yad maddədir. O yad maddə də insan orqanizminə zəhər kimi, yəni toksiki təsir edir və qızdırma, eyni zamanda yerli daxil olduğu yerdə iltihabi proses yaradır. Toksinlər də bədənə sorularaq kapillyar damarlara mənfi təsir edir, immun sistemini qıcıqlandıraraq temperatur yaradır".

Həkim onu da bildirir ki, bu cür xəstəlik hallarında insanlar dərhal qızdırmanı salmağa çalışmamalıdırlar. Çünki hərarət salan həblər qəbul etdikdə immun sistemi işə düşmür. Bu isə xəstəliyi bir az da uzadır: "Uşaqlarda isə bir az fərqlidir. Əgər uşağın hərarəti yüksəkdirsə və anadan olanda hər hansı bir nevroloji problemlə doğulubsa, məsələn, kəllədaxili təzyiqi, qıcolmaya meyllilik, belə hallarda uşağın qızdırması qıcolmaya səbəb ola bilər. Ona görə də uşağın hərarəti qalxdıqda onu salınmalı və başqa müalicə üsulları tətbiq edilməlidir ki, uşaq xəstəlikdən ağır duruma düşməsin".

Mütəxəssis virusların daha qorxulu olduğunu vurğulayır. Çünki viruslar mikroblara yol açırlar. Yüksək hərarət bir neçə gün davam edərsə bu, artıq öskürək, bəlğəm əmələ gətirir. Bu isə prosesə ikinci bir xəstəlik törədən amilin - mikrobun qoşulduğuna  siqnaldır: "Virusla mikrob birləşir və xəstənin durumu pisləşir. Bunun fəsadları meningitə qədər gedib çıxa bilər, tənəffüs yollarında sətəlcəm, ağciyərlərdə iltihab, kəskin bronxit yarada bilər".

Ə. Həsənov xəstəlikdən qorunmaq üçün təmiz havada çox gəzməyi, əhalinin sıx olduğu yerlərdə mümkün qədər az olmağı və maskadan istifadə etməyi məsləhət görür. Ən əsası isə, xəstə insan mütləq maska taxmalıdır. Çünki həmin insan asqırıb-öskürdükdə onun tənəffüs yolundan xaric olunan hava damcısı aerozol şəklində havada üzməsin və  başqalarının tənəffüs yoluna daxil olmasın: "Evin havası tez-tez dəyişdirilməlidir, C vitamini ilə zəngin qidalar qəbul edilməlidir, böyürtkən, zoğal mürəbbəsi yeyilməlidir, həm xəstələr, həm digər insanlar maye qəbulunu artırmalıdır. Maye qəbulu daha çox olduqda viruslar, toksiki maddələr sidiklə, tərlə xaric edilir. Profilaktika məqsədi ilə ailənin hər bir üzvünün yaşına görə müxtəlif dozada - 50, 100, 200 ml. gün ərzində bir dəfə C vitamini qəbul edilməlidir. Bu dərman apteklərdə satılır. C vitamini damar divarlarını bərkidir, selikli qişaları möhkəmləndirir, baryer funksiyasını artırır ki, virusun orqanlara daxil olması çətinləşsin. İmmun sisteminin işə salınmasında da C vitaminin rolu var". 

Həkim onu da əlavə etdi ki, xəstənin müalicəsində qripin növünü müəyyən etmək vacibdir. Qrip növünü müəyyən etmək üçün analiz götürülməli və buna uyğun dərmanlar tətbiq olunmalıdır: "Qrip çox ciddi xəstəlikdir. Hər burnu axana qrip demək olmaz. Xəstəliyin müalicəsi üçün həkim məsləhəti önəmlidir. Mütləq həkim müalicə təyin etməlidir".

Pediatr Vaqif Qarayev də son vaxtlar yayılan xəstəliyin qətiyyən qrip olmadığını vurğuladı. Qripin ayrıca bir xəstəlik olduğunu deyən həkim, onun özünün törədicisi olduğunu və xüsusi gedişatı olan, xüsusi müalicə tələb edən xəstəlik olduğunu əlavə etdi: "Tarixdə milyonlarla can alan qrip epidemiyaları artıq yoxdur. İndi yayılansa virus infeksiyasıdır. Hamının başa düşəcəyi kimi desək, soyuqdəymədir və çox yayılıb. Amma çox ciddi təhlükə deyil. Buna epidemiya demək olmaz. Bu virusa yoluxduqda insanları daha çox öskürək narahat edir. Üzücü, tutma şəkilli öskürək, körpə uşaqlarda isə qızdırma bir az sözə baxan olmur, çətin idarə olunur".

Həkim bu virusdan qorunmaq və təhlükəsizlik tədbirləri məqsədi ilə ilk növbədə bağçaya, məktəbə gedən xəstə uşağın kollektivə buraxılmamasını məsləhət görür. Çünki həm xəstə uşaq xəstəliyi ağır keçirə bilər, həm də digər sağlam uşaqları yoluxdurmaq olmaz. Bu isə ən azından etik baxımdan düzgün deyil: "Xəstə uşaq bağçaya, məktəbə getdikdə müalicə çətinləşir. Digər tərəfdən isə, kiminsə uşağı sağlamdırsa, digərinin xəstə uşağı onu niyə yoluxdurmalıdır? Uşaq kollektivində olan uşaqların qorunmağının ən birinci üsulu budur: xəstə uşaq kollektivə buraxılmamalıdır. Anlayıram, valideynlərin çoxu işləyir, arqumentləri var ki, işdən buraxmırlar. Amma təcrübə göstərir ki, maddi baxımdan dava-dərmana həmin bir neçə günün qazancından daha çox xərclənir. Uşağın sağlamlığı da bu tərəfdən gedir".

Mütəxəssis xəstəliyin yayılmasında ən azı valideynlər qədər bağça və məktəb kollektivlərinin rəhbərlərini də günahlandırır. Məktəblərdə davamiyyətə önəm verən kollektiv rəhbərləri də uşaqların sağlamlığını ikinci planda qoyurlar: "Gedək istənilən kollektivə, ortalama 20 uşaqdan 5-i sağlam deyil. Əksəriyyəti xəstədir, ya qızdırması var, ya öskürür. Bir ara məktəblərdə dərs buraxdığına görə cərimə tələb edirdilər. Həkimdən arayış alın, uşaq evdə qalsın. Burada çətin heç nə yoxdur axı. Uşaq 2-3 gün məktəbə getməsə, uşaq heç nə itirmir. Əksinə, sağlamlığın itirir. Ən çox da tez-tez xəstələnən uşaqlar. İkinci mühüm məqam da sağlam uşaqları yoluxdurur". 

Ailədə olan digər uşaqların qorunması üçün sağlam qidalanma vacibdir. Həkim bol meyvə-tərəvəz yeməyi məsləhət görür. Bununla yanaşı, geyim də əsas amillərdən biridir: "Bizim bir şakərimiz var, hava bir balaca soyuyan kimi evdə nə qədər qalın paltar var üst-üstə uşağa geyindirirlər. Bu, qətiyyən yolverilməzdir. Dəri nəfəs almalıdır. Qalın paltarı üst-üstə geyindirəndə uşaq tərləyir və soyuq daha tez tutur. Normal geyindirmək lazımdır. Soyuq bizdə bir cin obrazındadır. Bu cür yanaşmaq olmaz. Uşaq təmiz havada kifayət qədər çox olmalıdır. Uşağın ağzını-burnunu 2-3 şərflə kip bağlamağın mənası yoxdur, uşaq nəfəs almalıdır. Valideynlərdən soruşuram ki, otaqları nə ilə qızdırırsınız? Məlum olur ki, bütün qızdırıcıları qoşurlar. Axı, bu cür isti evdə uşaq nəfəs ala bilməz".

Bunlarla yanaşı, həkim profilaktik olaraq qorunmaq üçün uşaqlara eyni zamanda C vitamininin müxtəlif formalarını içirtməyi məsləhət görür.

BAKU.WS

Son xəbərlər