Bakı metrosuna "bomba qoyan" şəxs: "Sərxoş idim"

Bakı metrosuna bomba qoyan şəxs: Sərxoş idim
Hadisə 1818

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilərəkdən yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

BAKU.WS qafqazinfo-ya istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub. Dövlət ittihamçısı ittiham aktını elan edib. F.İsmayılov isə özünü təqsirli bilmədiyini deyib.

O bildirib ki, polisə zəng edən zaman içkili olub: "Sərxoş olmuşam, amma bomba qoyacağımı deməmişəm. Sadəcə, metronu partladaram demişəm. Polisə zəng edib xəstəxananın nömrəsini istədim, ordan da mənə dedilər 104-ə zəng elə".

Şahid qismində sərbəst ifadə verən polis kapitanı Arzu Tağıyev deyib ki, Fəqani İsmayılov tərəfindən metro stansiyasına bomba qoyulacağı barədə məlumat daxil olub: "Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırdılar və sonra bu adamı həbs etdilər".

Digər polis əməkdaşı Zöhrab Səlimov da həmkarının dediklərini təsdiqləyib.

Sonra təqsirləndirilən şəxsin 102 xidməti ilə telefon əlaqəsinin səs protokolu elan olunub.

Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, F.İsmayılov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər