Azərbaycanda vəhşilik: Sələmçi qadını öldürüb, dişlərini çıxardılar, meyiti...
Samux rayonunda xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, Rəşad Nəsibov əvvəlcədən tanıdığı Samux şəhəri Arif Nəbiyev küçəsi, 2 ünvanında fərdi yaşayış evində yaşayan Lütviyyə İsmayılovanın müxtəlif şəxslərə məxsus qızıl-zinət əşyalarını alıb, evində girov saxladığını, bunun müqabilində həmin şəxslərə faizlə pul verdiyini bilib.
Basqın planı
Lütviyyənin evində külli miqdarda pul və ya qızıl-zinət əşyalarının olduğunu güman edən Rəşad Nəsibov onun pul və ya qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə həmkəndliləri Azad Günəşli və Pərviz Həsənov ilə cinayət əlaqəsinə girib.
Azyaşlını gördü, sələmə pul istədi
Onlar 16 dekabr 2015-ci il tarixdə, gecə saat 01 radələrində Lütviyyə İsmayılovanın evinə gediblər. Evin həyətinə daxil olarkən, sonuncunun azyaşlı nəvəsi Əsmət Quliyeva evdən həyətə çıxıb onların həyətdə olduğunu görüb.
Bu zaman Rəşad Nəsibov Lütviyyə İsmayılovadan sələmə pul almaq istədiyini bildirib və onu bayıra çağırıb. Rəşad ondan faizlə 100 manat pul istəyib.
Plan təxirə salınır
Həmin gecə onlar cinayət planını təxirə salırlar. Lütviyyə İsmayılovanın azyaşlı nəvəsinin evdə olmasından ehtiyatlanan dəstə üzvləri evi tərk ediblər. Planlaşdırdıqları cinayətin törədilməsi üçün əlverişli məqamın və şəraitin yaranmasını gözləyirlər.
Dəstə üzvləri dekabrın 18-də, saat 15 radələrində Lütviyyə İsmayılovanın həmin saatlarda evində tək olduğunu öyrənirlər. Onlar əvvəlcədən aralarında razılaşdırdıqları plana uyğun olaraq Lütviyyə İsmayılovanın evinə gədirlər.
Qadının aldadılması planı
Dəstə üzvləri Lütviyyə İsmayılova ilə söhbət edib, sonuncunun evinə asanlıqla daxil ola bilmək üçün Azad Günəşlinin guya qəfildən halının pisləşməsini imitasiya edirlər.
Bu vaxt Lütviyyə İsmayılova Azad Günəşliyə su gətirmək üçün evə keçir. Dəstə üzvləri Lütviyyə İsmayılovanın arxasınca evə girirlər.
Bıçağı boğazına dirədi
Orada Azad Günəşli arxadan əli ilə Lütviyyə İsmayılovanın ağzını tutur. Sonra özü ilə əvvəlcədən gətirdiyi bıçağı onun boğazına dirəyib, sakit durmasını tələb edir.
Lakin Lütviyyə İsmayılova sakit dayanmayıb, onu əli ilə başından vurur. Bu zaman onların hər ikisi arxası üstə yerə yıxılır.
Daha sonra dəstə üzvləri həmin evdən götürdükləri yapışdırıcı lent, elektrik naqili və mələfə ilə Lütviyyə İsmayılovanın əllərini və ayaqlarını bağlayır, onu sağ tərəfdə olan otağa salırlar.
Qızıl və pul tələbi
Dəstə üzvləri sonra özləri ilə gətirdikləri bıçaqlarla Lütviyyə İsmayılovaya zərbələr endirir, ondan evdə olan pul və qızıl-zinət əşyalarının yerini bildirməsini tələb edirlər.
Azad Günəşli Lütviyyə İsmayılovaya qarşı müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirir, bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirir.
Qadın qatillərə yalvarır...
Çoxsaylı bıçaq xəsarətləri alan Lütviyyə İsmayılova yenə də evdə pulu olmadığını, qızıl-zinət əşyalarının isə mətbəxdə çantanın içərisində olduğunu bildirir, ona qarşı edilən zorakılığın dayandırılması ilə bağlı yalvarır.
Buna məhəl qoymayan dəstə üzvləri öz cinayətkar əməllərini davam etdirir, sonra mənzilin bütün otaqlarında axtarış aparırlar.
QətlOnlar evdə olan külli miqdarda qızıl əşlarlarını, eləcə də Lütviyyə İsmayılovanın ağzındakı 400 manat dəyərindəki 14 ədəd qızıl dişdən ibarət protezi, həmçinin sonuncu ilə birlikdə yaşayan nəvəsi Əsmət Quliyevaya məxsus 1 ədəd "Castle Quartz” markalı metal qolbağı, qiyməti 30 manat olan qol saatını, 1 ədəd ağ metaldan olan, çəkisi 7,4 qram, qiyməti 1000 manat olan tək qaş üzüyü ələ keçiriblər.
Dəstə üzvləri ev sahibinin ümumilikdə 5756 manat məbləğində əmlakını əldə ediblər. Onlar Lütviyyə İsmayılovanın cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verib, onları ifşa edəcəyindən ehtiyat edirlər.
Cinayətin izini itirmək planı
Bu səbəbdən törətmiş olduqları quldurluq cinayətini gizlətmək məqsədi ilə Lütviyyə İsmayılovanı qəsdən öldürmək qərarına gəlirlər.
Dəstə üzvləri Lütviyyə İsmayılovanın boğaz nahiyəsini özündə olan bıçağın kəsici hissəsi ilə kəsirlər. Bununla da qadın aldığı xəsarətdən hadisə yerində ölür.
Bundan sonra onlar törətmiş olduqları cinayətin izini itirmək məqsədi ilə mərhum Lütviyyə İsmayılovanın meyitini və ona məxsus içərisində olan əmlakı ilə birlikdə ümumi dəyəri 35000 manat təşkil edən fərdi yaşayış evini yandırmaq qərarına gəlirlər.
Həmin razılaşmaya uyğun olaraq Azad Günəşli Lütviyyə İsmayılovanın meyitini yandırır və sonra hər üçü evin ayrı-ayrı otaqlarında yanğın törədirlər.
Baş tutmayan plan
Lakin hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən yanğının qarşısı vaxtında alınır. Dəstə üzvlərinin cinayət əməli tam başa çatmır.
Yaşayış evini və evdə olan əşyaları yandırmaqla mərhum Lütviyyə İsmayılovaya 7735 manat məbləgində, sonuncunun nəvəsi Əsmət Quliyevaya 605 manat ziyan dəyir.
3 həbs, 8 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 29,186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd) və 29,186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Hökm: 20 il
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarının ilk 9 il 6 ayını həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini, cəzalarının yüngül cəza ilə əvəz olunmasını istəyiblər.
Bəraət davası
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Rəşad Nəsibovun vəkili kasasiya şikayəti verib. Vəkil kasasiya şikayətində müvəkkili barəsində olan Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2 və 29,186.2-ci maddələri ilə bəraət verilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəzanın təyin edilməsini xahiş edib.
Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda Rəşad Nəsibovun vəkilinin kasasiya şikayəti araşdırılıb.
Qatilin istəyi reallaşmadı
Hakim heyəti sonda kasasiya şikayətinin qismən təmin olunması barədə qərar qəbul edib. Qərara görə, Rəşad Nəsibova təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həbsxanada çəkməli olduğu müddəti 9 ilə endirilib. Onun barəsində təyin edilmiş 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.
Digər təqsdirləndirilənlər - Pərviz Həsənov və Azad Gənşli tərəfindən Ali Məhkəməyə heç bir kasasiya şikayəti daxil olmayıb. Bu səbəbdən onlarla bağlı olan hissədə Ali Məhkəmədə araşdırma aparılmayıb.
BAKU.WSOxşar xəbərlər
Kişi oğurladığı qızılları banka girov qoyub kredit götürdü - FOTO
Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Qədimqala kənd sakininin mə...