Jurnalist Rasim Əliyevin qətlə ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.
BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumatda
qeyd olunur ki, hadisədə şübhəli bilinərək saxlanılan şəxslərin
barəsində bu gün məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək.
Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən
İsmayılov da var. Saxlanılan digər şəxslərin kimliyi istintaq sirri
olduğu üçün açıqlanmır.
Hüquq-mühafizə orqanlarından həmçinin
bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik
kameralarının görüntüləri istintaqa təqdim olunub. Bundan başqa, R.
Əliyevin mobil telefonuna edilən zənglər araşdırılıb və hadisə
şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin
izahatı alınıb.
Yaxın saatlarda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayacaq.
Qeyd
edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini,
1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl
qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market” mağazasının
qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən
xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı
xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Faktla
bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət
Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər
prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəsinin baş vermə
səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi
istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri
davam etdirilir.
Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.
Ziya Səccad
BAKU.WS