Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Shacman” markalı yük avtomobili ilə "Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Bu gün səhər saatlarında isə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı "SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 99 AU 738 dövlət qeydiyyat nişanlı "Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış "Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı "Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.
 
Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.
 
Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.