SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Aztelekom” MMC-nin keçmiş rəhbəri Məhəmməd Məhəmmədovun həbsdən azad olunacağı barədə məlumat yayılıb. 
 
BAKU.WS cebhe.info-ya istinadən xəbər verir ki, yaxın vaxtlarda azad olunacağı deyilən M.Məhəmmədovun mənimsədiyi 4.4 milyon manatı dövlətə geri qaytardığı bildirilir: 

"Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ, 4 milyon 400 min manata edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. O, yaxın vaxtlarda azadlığa buraxılacaq”.

Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

"Güzəştli azadlıq” dalğası

RYTN-nın keçmiş rəhbəri Əli Abbasov dönəmində Məhəmməd Məhəmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş başçısı Eldar  Mahmudovun qurduğu cinayətkar şəbəkənin RYTN-dakı üzvü olduğu bildirilirdi. Qeyd olunur ki, Mahmudovun bu qurumdakı "sağ əli” olan Məhəmmədov buradan ayrı-ayrı şəxslərdən MTN şefinə çatacaq pulları toplamaq işini icra edirdi. Hüquq mühafizə orqanlarının "Aztelekom”un sabiq rəhbərinə güzəştə getməsinə gəlincə, bu haqda dəqiq məlumat olmasa da arxasında sirli məqamların olduğu şəksizdir. Bir neçə ay əvvəl "MTN işi”ndə adı hallandırılan Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidovun da bu yolla azadlığa çıxdığı bildirilirdi. 

Halbuki işlədiyi cinayətlərin sübut olunmasına görə, Məhəmməd Məhəmmədov, Fətulla Seyidov və digər şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aidiyyatı maddələri üzrə 2 ildən 7 ilədək həbs edilməli idilər. Məcəllədə mənimsədikləri dövlət əmlakının geri qaytarılması müqabilində həbsdən azad etmə maddəsi yoxdur. Əksinə mənsimsənilən əmlakın geri qaytarılması törədilmiş cinayətin açıq etirafıdır ki, veriləcək cəza Cinayət Məcəlləsinin göstərilmiş maddələri və bəndləriylə ağır olmalıdır.

Cinayət Məcəlləsi nə deyir?

Cinayət Məcəlləsinin 179-cu maddəsinin 179.1 bəndinə görə, mənimsəmə və ya israfetmə, yəni, təqsirkara etibar edilmiş özgə əmlakını talama - 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin 179.2.3 bəndinə görə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; (179.2.4) xeyli miqdarda ziyan vurmaqla törədildikdə - 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 308-ci maddəsinin 308.1 bəndinə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya 2 ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənfi presedent və kobud qanun pozuntuları

Hüquq müdafiəçiləri işlənilmiş ağır cinayət müqabilində mənimsədikləri dövlət əmlakını qaytarmaqla azadlığa buraxılmanın Cinayət Məcəlləsinin və qanunvericiliyin kobud formada pozulması halları olduğunu bildirirlər. Bunun həmçinin dövlət qurumları və hüquq-mühafizə orqanlarında mənfi presedent yaradacağını da istisna etmirlər. Məhəmməd Məhəmmədovun azadlığa buraxılmasından sonra hesab edilə bilər ki, hər kəs tutduğu vəzifə gərəyincə bundan sui-istifadə edib dövlət əmlakını mənimsəyə və cinayət məsuliyyətinə cəlbedildikdə sonra dəymiş zərəri mənimsədiyi pullarla ödəyib azadlığa çıxa bilər. Bu gerçəkləşsə, idarəedici strukturlarda rüşvət və korrupsiya hallarının səviyyəsi daha da yüksələcək. 

Nəzərə alsaq ki, Əli Abbasov və Eldar Mahmudovun mənimsədiyi dövlət əmlaklarının dəyəri milyardlarla manatla ölçülür və pullar hələ geri qaytarılmayıb, demək ki, nəzəri olaraq təqsirləndirilən bu şəxslər bu dövlət vəsaitlərini geri qaytarmaqla özlərini həbs təhlükəsindən sığortalaya biləcəklər. 

Əlbəttə, bu ehtimal gerçəkləşsə, hazırda dövlət strukturlarında yüksək post tutan adamlar bundan özlərinə pis örnək seçəcəklər, yol verdikləri qanun pozuntularına görə hüquq mühafizə orqanlarının nəzarətiylə hesablaşmayacaqlar. Bu da cəmiyyətdə məhkəmə və hüquq mühafizə orqanlarına olan inamı azaldacaq. 

Şübhəsiz ki, idarəetmə sistemi hüquq normaları və qanunvericiliyin aliliyi ilə tənzimlənən dövlətlərdə belə hallar müşahidə olunmur. Belə bir ilk Azərbaycanda baş verəcəksə, bu, adı dövlət orqanlarında rüşvət alveri və korrupsiya hallarının yüksək səviyyəsinə görə beynəlxalq təşkilatların "qara siyahı”larında adını ön sıralarda yazdırmış ölkəmizin reytinqini daha da pisləşdirəcək.
 
BAKU.WS