SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda təcili tibbi yardım avtomobilində tıxacda qalan azyaşlının valideynləri ilə sürücü arasında gərginlik yaranıb.

BAKU.WS-in məlumatına görə, valideyn övladının qan itirdiyini əsas gətirərək sürücüdən səs siqnalını işə salmağı tələb edib. 

Sürücü isə cavab olaraq bildirib ki, TƏBİB sirenanı işə salmağa icazə vermir. Nəticədə xəstəni tibb məntəqəsinə çatdırmalı olan təcili yardım maşını tıxacda qalıb. 

Sözügedən görüntülərlə bağlı TƏBİB-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna əsasən bildirilib ki, görüntülərdə əks olunan məqamlar araşdırıldıqdan sonra xüsusi işıq və səs siqnallarından istifadəyə zərurət olub-olmadığı müəyyən oluna bilər. Görüntülərdə xəstəyə, sürücüyə, avtomobil vasitəsinə dair məlumatların əks olunmaması dəqiqləşməni çətinləşdirir. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir:

"Məlum olduğu kimi, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər.

Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından sadəcə təyinatından kənar hallarda istifadə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır".

"Xüsusilə qeyd edilməlidir ki, TƏBİB tərəfindən təcili tibbi yardım ambulanslarında işıq və səs siqnallarından təyinatına uyğun olaraq istifadə, eləcə də digər yol iştirakçılarına işıq və səs siqnallarından istifadə edən ambulansların rahat hərəkəti üçün şərait yaratmaları tövsiyə olunur", - deyə TƏBİB-dən bildirilib.

Banu Hüseynli
BAKU.WS
VİDEO