MTN-in həbs etdiyi qalmaqallı bankir yenidən “Bank Technique”nin rəhbəri oldu
Bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən və barəsində dələduzluq, mənimsəmə ittihamları ilə cinayət işi qaldırılan qalmaqallı bankir Etibar Əliyev yenidən "Bank Technique”nin rəhbəri olub.
BAKU.WS-in məlumatına görə, bu barədə musavat.com saytı məlumat yayıb. Etibar Əliyev özü məlumatı təsdiqləyib və Qafqazinfo”ya açıqlamasında deyib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.
Etibar Əliyev "Trend"ə açıqlamasında isə bu təyinatı "dövlət başçısının Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi dəstək üzrə atılan addımların nəticəsi" kimi qiymətləndirib.
Məlumata görə, E.Əliyev bu gün Milli Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Daha sonra "Bank Technique”nin mərkəzi ofisinə gedib.
O, 1993-cü ildən fəaliyyətə başlayan "Texnikabank”ın müşahidə şurasının sədri idi və 2012-ci ildə bankın bir sıra yüksək vəzifəli şəxsləri ilə birlikdə MTN-in "qara maskalıları” tərəfindən həbs edilmişdi.
Lakin çox keçmədən Etibar Əliyev barədə çıxarılmış həbs-qətimkan tədbiri "xəstəliyi” ilə bağlı dəyişdirilib və bankir azadlığa buraxılıb. Mətbuat yazırdı ki, Etibar Əliyev bankdakı səhmləri ilə vidalaşmalı olub və yalnız bu şərtlə azadlığa çıxa bilib. Məhkəmədə o, barəsində irəli sürülmüş ittihamları rədd edib.
Xatırladaq ki, bu iş üzrə bankın filiallarından birinin sədr müavini və AXCP sədri Əli Kərimlinin qohumu olan Elnur Seydiov da həbs edilib. Onun barəsində uzunmüddətli həbs qərarı çıxarılıb.
MTN-in "qara maskalıları”nın bankda 2012-ci ildə keçirdiyi bu həbs əməliyyatından sonra "Texnikabank”ın mülkiyyətçiləri və adı dəyişib - "Bank Technique” olub. Habelə bank milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Azərbaycan Beynəlxalq Bankının o vaxtkı sədri Cahangir Hacıyevin nəzarətinə verilib. Lakin Beynəlxalq Bankın təyin etdiyi komandanın işi dövründə "Bank Technique”nin maliyyə göstəriciləri durmadan pisləşib. Bank hazırda faktiki olaraq müflis olmuş durumdadır.
Etibar Əliyevin adı həbs olunana qədər də çoxsaylı maliyyə maxinasiyalarında keçirdi. Virtualaz.org saytının da xəbər verdiyi kimi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına bağlı "Yeni Şafak” qəzeti yazmışdı ki, Etibar Əliyevin həbsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin president İlham Əliyevə şikayətlənməsindən sonra baş verib. Belə ki, Saakaşvili ona yaxın biznesmenlərdən birinin Etibar Əliyev tərəfindən külli miqdarda aldadıldığını Azərbaycan prezidentinə çatdırıb.
O vaxta qədər MTN bankirin barəsində dosye hazırlamışdı və bu şikayət Etibar Əliyevin həbsi üçün komandanın verilməsinə səbəb olub.
Habelə Etibar Əliyevin adı "Texnikabank”ın filiallarından birindən əmanətçilərin 38 milyon manata yaxın vəsaitinin oğurlanması işində keçir. Lakin Etibar Əliyev hakimiyyətdəki güclü himayəçiləri sayəsində bu işdən də yaxasını qurtara bilib, məhkəməyə ifadəsində bankdakı oğurluqdan xəbərsiz olduğunu bildirib.
Ümumiyyətlə, Etibar Əliyevin "Texnikabank”a rəhbərlik etdiyi dövrdə bank üzərindən İrana aid pulların dövriyyəsindən tutmuş beynəlxalq miqyasda maliyyə maxinasiyalarına qədər çoxsaylı məlumatlar yayılırdı.
Belə görünür ki, Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən sonra onun digər oliqarxlardan qəsb etdiyi biznes aktivlərinin məsələsinə də yenidən baxılır və bu səbəbdən Etibar Əliyev yenidən banka qayıda bilib.
BAKU.WS
Oxşar xəbərlər
MTN generalın həbsinə aydınlıq gətirdi (RƏSMİ)
Milli Təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovla bağlı yayılan məlumatlara nazirlik tərəfindən açıqlama verilib. BAKU.WS xəbər v...