SİZİN REKLAM BURADA!
055 213 76 73


"Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub".

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".

Qeyd edək ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib. Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib. Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

***12:33

“Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb”.

BAKU.WS xəbər verir ki, bu sözləri məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov deyib.

O bildirib ki, hadisənin səbəbləri ilə bağlı agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

*** 11:40

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.

Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb.

İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.

Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər-hansı bir narahatlıq müşahidə olunmayıb.

BAKU.WS