VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik ("slims" - red.) siqaretlərin satışı məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir. Bu barədə "Kommersant" qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazıb. Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: "İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq".

Movqe.az ÜST-ün tövsiyyəsinə əsasən, nazik siqaretlərin satışının qadağan edilməsi ilə bağlı məlumat nə dərəcədə həqiqətəuyğun olduğu, "slims" siqaretinin digər siqaretlərə nisbətən daha çox sağlamlığa mənfi təsiri ilə bağlı ÜST tərəfindən hansı nəticələrə gəlindiyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına sorğu ünvanlayıb. Sorğuya ÜST-nin Regional bürosunun texniki ekspertlərinin təqdim etdiyi cavabları oxuculara təqdim edirik: 

"Məhsul haqqında ilk təəssürat onun qablaşdırılmasından, əmtəə adından, habelə çox məşhur və yüksək dəyərli məhsul yaradarkən istifadə olunan loqotipdən, rənglərdən və formadan əldə olunur. Qablaşdırma istehlakçının tələblərini formalaşdırır və istehsalçı və müştəri arasında əlaqə yaradır. Bir neçə onillik ərzində tütün şirkətləri gəncləri, xüsusilə qızları və gənc qadınları cəlb edən qablaşdırmanın və siqaret məhsullarının növləri haqqında uzun müddətli marketinq tədqiqatı həyata keçiriblər. Qutunun və siqaret məhsulunun forması, quruluşu və materialı məhsulun qavranması tərzinə təsir göstərir. Yalnız konkret hədəf qruplarına, məsələn gənc kişi və qadınlara xitab edən qutular və məhsullar bir neçə onillik ərzində işlənib hazırlanıb və ən son tərtib edilən qutular ətir və ya dodaq boyası kimi məhsulların qutularını xatırladır. Əksər hallarda bu cür qutuların içində "nazik siqaret" və ya "çox nazik siqaret" adlandırılan məhsullar olur və həmin siqaretlərin diametri adi siqaretlərin diametrindən bir qədər kiçik olur. Həm qutu, həm də məhsul tütün sənayesinin əlində olan güclü marketinq vasitələridir və o, siqaret çəkənlərin yeni nəslini cəlb etmək üçün bu vasitələrdən istifadə edir. Siqaret çəkən və çəkməyən qadınlar ayrı-ayrılıqda qadın kimi zərif şəkildə tərtib olunan, xüsusilə çəhrayı və digər şux rənglərdə olan siqaret qutularını və siqaret məhsullarını cəlbedici hesab edir. Bu qutular və məhsullar dəbdəbə, cazibə, populyarlıq və zəriflik kimi əlamətlərlə əlaqələndirilir. Dəlillər göstərir ki, nazik siqaretlər ziyanın azaldılması haqqında yanlış təsəvvür və dəbdəbə və zərif bədən haqqında təsəvvürlərlə şüur əlaqəsi yaratmaqla, qızlar və qadınlar üçün nəzərdə tutulur. 2012-ci ilin iyununda İrlandiya Xərçəng Cəmiyyəti ümumiyyətlə qadınların siqaret çəkmə vərdişləri haqqında təsəvvür əldə etmək məqsədilə tədqiqat aparmaq üçün xüsusi işçi qrup təsis etdi. Məxsusi olaraq qadınlara xitab etmək üçün tərtib olunan siqaret məhsullarının nümunələri qadınlara göstərildi. Bu tədqiqat nəticəsində məlum oldu ki, qutunun və məhsulun tərtibatı qadının marağını cəlb etmək üçün həlledici əhəmiyyətə malikdir. Bir çox qadının diqqətini "zərif" və "qadın kimi incə" qablaşdırma cəlb edir, nazik siqaretlər isə "az ziyanlı" və "sizin üçün daha xeyirli" məhsul kimi qavranır.

Ən son məlumatlara görə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda həddi-buluğa çatan şəxslərin 28%-i tütün çəkir, bundan fərqli olaraq, Amerika qitələri regionunda həddi-buluğa çatan şəxslərin 20%-i, Afrika regionunda isə həddi-buluğa çatan şəxslərin 15%-i tütün çəkir. Hazırda ÜST-nin bütün regionları arasında ən çox siqaret çəkən qadınlar (19%) Avropa regionunun payına düşür. Avropa qadınları və qızları arasında siqaret çəkmə meylinin yüksək olmasının əsas səbəblərindən biri tütün sənayesi tərəfindən məxsusi olaraq tərtib olunan marketinq strategiyasının çox güclü təsiridir. Xüsusilə nisbətən aşağı sosial-iqtisadi statusa malik olan qızlar və gənc qadınların böyük hissəsi birbaşa və dolayı yolla siqaret çəkməyin sağlamlıq üçün təhlükələrindən xəbərdar deyil və buna görə də onlar tütün sənayesinin reklam və marketinq strategiyalarının təsirinə daha çox məruz qalırlar. Siqaret çəkmək qadınlar arasında qarşısı alına bilən aparıcı ölüm səbəblərindən biri kimi qalmaqda davam edir. Siqaret çəkən şəxslər öz həyatlarının ən azı 10 ilini itirir, lakin əgər onlar 30 yaşdan əvvəl siqaret çəkməyi tərgitmiş olarsa, onda davamlı siqaret çəkmə nəticəsində baş verən normadan artıq ölüm hallarının 97%-nin qarşısı alına bilər; əgər onlar 40 yaşa çatmazdan xeyli əvvəl siqaret çəkməyi tərgidərlərsə, onda normadan artıq ölüm hallarının 90%-nin qarşısı alına bilər. Siqaret çəkmək bədənin demək olar ki, hər bir orqanına, habelə ümumi səhhətə zərərli təsir göstərir. Bu, bir çox xəstəliyin səbəbidir və bir sıra ağır xroniki xəstəlik üçün, məsələn, xərçəngin müxtəlif növləri, ürək-damar və tənəffüs yolu xəstəlikləri, habelə şəkərli diabet üçün əhəmiyyətli risk amilidir".
 
BAKU.WS