Bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km aralıda Şəki ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində isə 6-5 bala qədər hiss olunub. Zəlzələ əhali arasında təşvişə səbəb olub. Təşviş içində olan insanlar küçələrə çıxıblar. Sakinlər yenidən zəlzələ baş verəcəyi qorxusuyla evlərini tərk ediblər. 

Zəlzələ fəsadsız ötüşməyib. Yeraltı təkanlar nəticəsində Şəkinin qədim qala divarlarında müəyyən zədələnmələr qeydə alınıb. Bu barədə "Kanal S"ə daxil olan məlumat əsasında çəkiliş qrupu əraziyə yollanıb. Qala divarlarının bəzi yerlərində xırda çatlar yaranıb, hətta bəzi daşlar divardan qoparaq yerə düşüb.  

Şəkinin Gəncəli məhləsində yerləşən tarixi evlərdən biri də zəlzələ zamanı zərər görüb. Göygöz Əsədullah adlı tacirə məxsus olan həmin evin 200-ə yaxın yaşı var. Hazırda 5 ailənin yaşadığı binada yeraltı təkanlar nəticəsində iri çatlar yaranıb. Binada yaranan təhlükəli vəziyyətə baxmayaraq hələ ki, ailələr mənzillərini tərk etməyiblər. Ancaq təkanların təkrarlanması vəziyyəti bir qədər də çətinləşdirə bilər. Qeyd edək ki, Şəki Mədəniyyət və Turizm Şöbəsi tərəfindən bina Yuneskonun Mədəni İrs Siyahısına salınması üçün qeydiyyata alınıb.

Şəkidə baş verən yeraltı təkanların təsiri hündür mərtəbəli binalarda daha çox hiss olunub. Zəlzələ baş verən zaman şəhərin müxtəlif yerlərində reportaj hazırlayan çəkiliş qruplarımız əhalinin təşviş içində evlərini tərk etməsinin şahidi olublar. İnsanlar bir neçə saat ərzində evlərinə qayıtmağa ehtiyat ediblər.

Hadisə baş verən zaman Şəki Rayon Mərkəzi Xəstəxanasında çəkiliş aparan əməkdaşlarımız da zəlzələ anını qeydə alıblar. Hadisə baş verəndən sonra xəstəxana işçiləri və bəzi xəstələr dərhal təxliyyə edilib. Hər kəs təşviş içində xəstəxananı tərk edib. 

Bu gün Şəkidə baş verən zəlzələ nəticəsində rayonun Turan qəsəbəsində 60-dan çox yaşayış evinə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Qəbələ Regional Bölməsinin əməkdaşları ərazidə olub. Eləcə də, Şəki Fövqəladə Hallar Komissiyasının məsul əməkdaşları da əraziyə yollanıblar. Rəsmilər sakinlərlə görüşüb, vəziyyəti yerində dəyərləndirirək dəyən ziyanın həcmini müəyyənləşdirməyə çalışıblar. Müvəqqəti olaraq qəsəbəyə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb. Qeyd edək ki, zəlzələnin episentri Turan qəsəbəsində olub. Episentrdə 7 bal gücündə qeydə alınan zəlzələ ətraf rayonlarda 5-6 bala qədər hiss olunub.
 
BAKU.WS