Azərbaycanın coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, böyük dövlət dəstəyinin olması, infrastrukturun təkmilləşdirilməsi turizm sahəsinin inkişafını şərtləndirən amillərdəndir. 2011-ci ilin turizm ili elan olunması bu sahənin inkişaf etdirilməsində, yeni layihələrin həyata keçirilməsində əhəmiyyətli addım olmuşdu. Azərbaycan turizm növlərinin müxtəlifliyi ilə seçilir. Belə turizm növlərinə biznes turizmini, istirahət turizmi, sağlamlıq turizmini, idman turizmini misal göstərmək olar.

Turist axını ildən-ilə artır. Odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilib. Azərbaycan son beynəlxalq hesabatlara əsasən turizm sektorunda regionda lider ölkəyə çevrilib. Ancaq ölkədə dollar satışının məhdudlaşması Azərbaycanda turizm sektoru üçün mənfi təsir göstərə bilər. Bu il ərzində ölkəmizdə müxtəlif beynəlxalq yarışlar keçiriləcək, nüfuzlu tədbirlər baş tutacaq. Həmin mötəbər tədbirlərdə iştirak üçün ölkəmizə çox sayda turistin gələcəyi gözlənilir.
 
Ölkəmizə gələn turistlər dollar dəyişmək üçün növbəyə düzülməlidir? 
 
Azərbaycana dollar və avro ilə gələn xarici qonaqlar əgər lazımi tədbirlər görülməsə şübhəsiz ki, hazırki vəziyyətdən əziyyət çəkənlərdən olacaq. Mağaza və restoranlarda alış-veriş edən turist kartla ödəniş zamanı problemlərlə üzləşə bilər. Çünki, hazırda əksər banklarda dollar kartları ilə əməliyyatlar yerinə yetirmir. Kartla ödəniş edən turist problemlə üzləşəyi təqdirdə ya bankda gedib növbəyə durmalıdır, ya da xarici valyuta satışı üçün müəyyən olunan ərazilərin axtarışına başlamılıdır. İstirahət üçün ölkəmizi seçən xarici qonaq üçün ölkəmizdə baş verən proseslər elə də maraqlı deyil. Turist keyfiyyətli xidmət və yaxşı istirahət etmək istəyir. Belə hallarla üzləşən turistlər çox güman ki, ölkəmizdən heç də yaxşı təəssüratlarla ayrılmayacaq.
 
Hazırki vəziyyət isə heç də ürəkaçan deyil. Bu gün Bakıda yalnız bir bank dollar əməliyyatlarını yerinə yetirir. "AzərTürkBank" dolların satış qiyməti 1,63 manat, bir nəfər üçün limit 500 dollar təşkil edir. Məhz buna görə, dollara tələbatı olanlar bankın qarşısında uzun növbələr yaradıblar. Ölkədə fəaliyyət göstərən digər banklarda faktiki olaraq dollar əməliyyatı yerinə yetililmir. Yalnız dollarla krediti olanlar üçün bank daxilində manatla ödəniş dollara konvertasiya edilir.
 
Əhali niyə dollar tapa bilmir?  
 
Vəziyyətin bu hala gəlib çıxmasında şübhəsiz ki, valyuta dəyişmə məntəqələrinin ləğv edilməsi böyük rol oynayıb. Çünki, əvvəl dollar almaq istəyənlər 28 may küçəsinə getməklə dollar ala bilirdisə, Mərkəzi Bankın son qərarından sonra banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir. Nəticədə 6 mindən çox "exchange" bağlanıb və dollar satan obyektlər fəaliyyətini dayandırıb. 
 

 
Mərkəzi Bank "exchage"ləri niyə bağladı?
 
AMB bir müddət öncə kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verdi. Ancaq bu qərardan sonra "exchage"lərdə dollar sürətlə bahalaşmağa başladı və dollar 2 manat qədər yüksəldi. Vəziyyətin nəzarətdən çıxdığını görən AMB valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı qərar qəbul etdi. Qərara əsasən, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Bu isə faktiki olaraq xarici valyutanın rəsmi məzənnədən həddən artıq baha satılmasının qarşısını aldı. Yeni qərardan sonra dolların AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən yalnız 4% baha satışına icazə verildi. Bu hədd isə "exchage"lərin fəaliyyətinin dayanmasına gətirib çıxardı. 
 

 

 

6 mindən çox "exchenge"in bağlanması bazara necə təsir edəcək? 

 

Xüsusilə 28 may küçəsində valyuta dəyişmə məntələrinin bağlanması dolların satışını ciddi şəkildə azaldıb. AMB-in qərarından sonra yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Ancaq bağlanan "exchage"lərdə işləyən 12 mindən çox şəxs işsiz qalıb. Peşəsi dollar dəyişmək olan insanlar yəqin ki, bu sahədə işləməyə çalışacaqlar. Onların bu istəyi isə "qara bazar"da vəziyyətin gərginləşəcəyindən xəbər verir. Belə bir vəziyyətdə bazara saxta dollar buraxılması, "qara bazar"da tapılmayan dolların həddən artıq baha satılması halları müşayidə olunacaq. Dollar tapmaq üçün "qara bazar"a üz tutanlar ya rəsmi məzənnədən həddən artıq baha qiymətə, ya da saxta dollar alacaq. Bu isə sonda əhalinin cibinə ziyan vuracaq.

 

Xaricdən ölkəyə mal gətirən sahibkarlar dolları hardan tapmalıdır? 

 

Xarici ölkələrdən Azərbaycana mal idxal edən sahibkarlar da dollar tapmaqla bağlı çətinliklərlə üzləşib. Məlum olduğu kimi, Mərkəzi Bank tərəfindən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydalarında dəyişiklik etdi. Yeni qaydalara görə, mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarından artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu qərardan sonra sahibkarların dollar tapmaq ümidi puç oldu. Çünki, xaricdən mal almaq istəyən sahibkar əlindəki manatı dollara çevirməlidir. Burada söhbət yüz minlərlə dollardan gedir. Bankların yeni qaydalarla fəaliyyətə başmasından sonra sahibkara hər min dollar üçün 2 şəxsiyyət vəsiqəsi lazım gələcək. Bu isə idxal əməliyyatlarının azalmasına gətirib çıxaracaq.

 

Şahin Həbibov

BAKU.WS