VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Bakı gəmiqayırma zavodunda "Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən "Üfüq”, "Zəfər” və "Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.

BAKU.WS AzərTac-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına zavodda inşa edilən gəmilər barədə məlumat verdilər. Bildirildi ki, hazırda gəmiçiliyin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan gəmilər, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

Dövlətimizin başçısı gəmilərin istismara verilməsini bildirən lenti kəsdi.

Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulan sərnişin gəmilərinin inşasına dair müqavilə 2014-cü ilin mayında imzalanıb. Müvafiq layihə və hazırlıq mərhələsindən sonra tikinti işlərinə 2014-cü ilin oktyabrında başlanılıb. Gəmilərin hamısı körpüdə və dənizdə sınaqlardan uğurla keçib və istismara hazır vəziyyətdədir. Onların hər biri 80 sərnişin tutumuna malikdir. Uzunluğu 38 metr, eni 8 metr, suya oturumu 2,25 metr olan gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanıb. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1920 kilovat olan iki baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 35 kilometrə yaxın sürət yığmağa imkan verir. Bu, mövcud gəmilərlə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, yeni gəmilər göyərtələrinə 10 tonadək müxtəlif yük də götürə bilir. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və rahat çatdırılması təmin ediləcək.

Yeni sərnişin gəmilərinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. Zavod Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığının aradan qaldırılmasına xidmət edərək, Xəzər donanmasını müasirləşdirməyə imkan verir. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Sonra Prezident İlham Əliyev "Üfüq” sərnişin gəmisinin istismara verilməsini bildirən düyməni basdı.

Son dövrlərdə gəmiçilik sahəsinin inkişafına, gəmiçilik fəaliyyəti ilə əlaqəli infrastrukturun təkmilləşdirilməsinə dövlətimizin başçısı tərəfindən xüsusi diqqət göstərilir və ciddi islahatlar həyata keçirilir. "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müxtəlif təyinatlı gəmiləri ölkəmizin ərazisindən keçən tranzit yüklərin daşınmasında mühüm yer tutur və Azərbaycanın regionun nəqliyyat və logistika qovşağına çevrilməsinə, tranzit ölkə kimi Asiya və Avropa arasında yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Gəmiçiliyin strategiyasına müvafiq olaraq, Xəzərdən kənar sularda fəaliyyətin genişləndirilməsi məqsədilə yaxın vaxtlarda hər birinin 5500 ton yükgötürmə qabiliyyəti olan altı quru yük gəmisi istismara veriləcək. Bununla da Xəzərdən kənarda, Qara və Aralıq dənizləri hövzələrində Azərbaycan bayrağı altında üzən gəmilərimizin sayı 11-ə çatacaq.

Gəmilərlə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
 
BAKU.WS