Ucuzlaşan manata qarşı radikal islahatlar: İlham Əliyev vəziyyəti dəyişir

Ucuzlaşan manata qarşı radikal islahatlar: İlham Əliyev vəziyyəti dəyişir
İqtisadiyyat 16078

Azərbaycan Mərkəzi Bankının tənzimlənən üzən məzənnə siyasətinə keçidi elan etdiyi - ölkədə yeni devalvasiya şokunun yaşandığı gün prezident İlham Əliyev iqtisadiyyatın liberallaşmasına yönələn mühüm fərmanlar imzaladı.

Bu iki hadisənin eyni gündə baş verməsi ola bilsin ki, təsadüfdür. Ancaq Azərbaycan prezidentinin biznes fəaliyyətləri üçün tələb olunan lisenziyaların sayının azaldılmasını, rüsumların aşağı salınmasını, habelə lisenziyaların verilməsində tam şəffaflığın təmin edilməsini nəzərdə tutan fərmanlarının ölkənin növbəti devalvasiya şokunu yaşadığı bir vaxtda elan edilməsi həm də simvolik qanunauyğunluq kimi dəyərləndirilməlidir.

Çünki Azərbaycan iqtisadiyyatının nefti yaddan çıxarmaq lazım gəldiyi indiki mürəkkəb dövrə adaptasiya edilməsinin yeganə yolu biznesin, sahibkarlıq fəaliyyətinin qarşısında dayanan müxtəlif maneələrin aradan qaldırılmasından, tamamilə liberal iqtisadi mühitin yaradılmasından keçir.

Prezident İlham Əliyev yeni iqtisadi siyasətin prioritetlərini hələ bir neçə ay əvvəl Nazirlər Kabinetinin iclasında elan edib.

Bura liberal iqtisadi mühitin yaradılması, sahibkarlıq fəaliyyətinə qarşı yönələn müxtəlif bürokratik əngəllərin aradan qaldırılması, bütün diqqətin qeyri-neft sektoruna yönəldilərək iqtisadiyyatın neftdən asılılığının ortamüddətli perspektiv üçün minimuma endirilməsi, eyni zamanda korrupsiya və büdcə vəsaitlərinin israf edilməsinə qarşı sərt mübarizə daxildir.

Dünən imzalanmış fərmanlar bu siyasətin həyata keçirilməsi istiqamətində atılmış növbəti addımlardan biridir.

Virtualaz.org saytının da xəbər verdiyi kimi, İlham Əliyev lisenziyalaşdırma sahəsində əlavə tədbirləri, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayını və bunun üçün tələb edilən dövlət rüsumlarını müəyyən edən fərmanlar imzalayıb.

Həmin fərmanlar sayəsində Azərbaycanda artıq müddətli lisenziya anlayışı olmayacaq-bütün lisenziyalar müddətsiz veriləcək. Eyni zamanda indiyədək verilmiş lisenziyalar müddətsiz lisenziyalarla əvəz olunacaq. Habelə lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı azaldılır.

Məsələn, tütün məmulatlarının, etil spirtinin və alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziyalı fəaliyyət növlərinin siyahısından çıxarılıb.

Bu nə deməkdir? O deməkdir ki, bundan sonra sahibkarlar biznes fəaliyyətinin bu növləri üzrə tamamilə sərbəst fəaliyyət göstərə biləcəklər və lisenziya verən orqanlar onları təqib edə bilməyəcək.

Eyni zamanda onlar tütün məmulatları, alkoqollu içkilər və etil spirtinin istehsalı, idxalı və satışı üçün Kənd Təsərrüfatı Nazirlyindən hər birinə 5500 manat olmaqla rüsum ödəməkdən azad olacaqlar. Bu isə tütün məmulatları, alkoqollu içkilər sahəsində biznesin tamamilə liberallaşması deməkdir.

Habelə bundan sonra Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması da lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. 

Hansı ki, indiyədək neft və qaz məhsullarının satışı üçün Energetika Nazirliyindən 5500 manat dövlət rüsumu ödəməklə lisenziya almaq lazım idi.

İndi bu lisenziya növünün ləğv edilməsi sayəsində Azərbaycanda neft və qaz məhsullarının satışı biznes sahəsi kimi tamamilə liberallaşır.

Yaxud avtomobillə sərnişin və yükdaşımalar üçün lisenziyaların ləğvi taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar üçün yeni imkanlar açır.

Fərmana əsasən turizm fəaliyyəti də lisenziyasız biznes növünə aid edilir. Başqa sözlə, indi turizm sektorunda fəaliyyət üçün tamamilə sərbəst mühit var.

Digər mühüm inqilabi qərar isə bundan ibarətdir ki, lisenziyaların verilməsində şəffaflıq təmin ediləcək - bütün fəaliyyət növləri üzrə lisenziyalar ASAN-xidmət mərkəzlərində veriləcək.

Prezidentin fərmanlarında göstərilir ki, lisenziyalaşdırma sahəsində qaydaların daha da təkmilləşdirilməsi üçün müvafiq strukturlar təkliflər hazırlayıb təqdim etməlidir.

Lisenziyalaşdırma sahəsində vəziyyəti radikal şəkildə dəyişdirən bu fərmanlar Azərbaycanda neftdən asılı olmayan liberal iqtisadiyyata keçidin başlanğıc mərhələsi hesab oluna bilər. Gözlənilir ki, bundan sonra da iqtisadiyyatda liberal islahatların sürətləndirilməsinə və dərinləşməsinə dair qərarlar veriləcək. Bura xarici investorlar üçün bir sıra güzəştlər və ölkədə investisiya mühitinin müsbətə doğru dəyişdirilməsinə, Azərbaycanın investisiyalar üçün cəlbedici ölkə imicinin bərpa edilməsinə yönəlmiş qərarlar daxil ola bilər.

Əslində devalvasiya həm də yeni iqtisadi fürsətlər yaradan iqtisadi prosesdir və dünyanın sonu deyil. Deməli, manatın kəskin dəyərdən düşməsinə baxmayaraq sahibkarlar və hökumət yeni iqtisadi vəziyyətə adaptasiya olunmaqla ixracyönümlü, rəqabətədavamlı istehsala istiqamətlənərək böhrandan çıxış yolunu tapmalıdır.

Prezidentin başlatdığı radikal iqtisadi islahatlar bunun üçün əlverişli şərtləri formalaşdırır.

BAKU.WS

Oxşar xəbərlər

Manat üzən məzənnəyə keçdi (RƏSMİ)

Manat üzən məzənnəyə keçdi (RƏSMİ)

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik sə...

2128 İqtisadiyyat 09:33 21 dekabr 2015

Son xəbərlər