TAP rəhbəri: "2026-cı ilə qədər emissiyaların qızıl standartına nail olmağı planlaşdırırıq"
Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üzrə Trans-Adriatik Boru Kəmərinin operatoru olan - "TAP AG" şirkəti, Neft və Qaz Metan Tərəfdaşlığına (OGMP) qoşulub və bu il artıq 4-cü səviyyəyə çatıb.
"Report" xəbər verir ki, bu barədə "TAP AG"nin idarəedici direktoru Luka Skieppati Bakıda keçirilən COP29 çərçivəsində bu tərəfdaşlığa həsr olunmuş tədbirdə bildirib.
"Qaz sənayesi üçün sızma və emissiyalarla mübarizə açıq-aydın prioritetdir. Biz fəaliyyətlərimizə 2020-ci ilin sonunda başlamışıq və lap əvvəldən ümumilikdə emissiyalar, istixana qazı emissiyaları və o cümlədən sızmalar üzərində işləmək zərurəti bizim üçün vacib idi", - o deyib.
Şirkət emissiyaların idarə edilməsi planını işləyib hazırlayıb və artıq əhəmiyyətli nəticələr əldə edib. "Hər il üç ölkədəki obyektimizdə sınaqlar aparılır və biz artıq 2021-ci ildəki ilk ölçmələr ilə müqayisədə 70 % azalma əldə etmişik. Biz keçən il OGMP-yə qoşulmuşuq və bu il artıq 4-cü səviyyəyə çatmışıq", - Skieppati söyləyib və əlavə edib ki, 2026-cı ilə qədər, "Italgaz"ın qabaqcadan proqnozlaşdırdığı kimi, qızıl standarta nail olmaqla bağlı inam var.
Onun sözlərinə görə, bu, təkcə Cənub Qaz Dəhlizinin Avropa hissəsinə aid deyil, SOCAR da OGMP-yə qoşulub, beləliklə, bütün Cənub Qaz Dəhlizi bu prioritetə fokuslanıb.
"Bütün bunlar diqqət tələb edir, yenidən təşkilatlanma tələb edir, lakin bu, dayanıqlı inkişaf üçün vacib elementdir - bu, təkcə təhlükəsiz təchizat və ya diversifikasiya deyil, həm də emissiya mənbəyi kimi dayanlığa aparan uzunmüddətli yoldur", - o bildirib.
Buna görə də metan və sızmalar daxil olmaqla, karbon izinin azaldılması prosesin əsas hissəsidir. "Bu, şirkətin prioritetidir və bu, uzunmüddətli perspektivdə bizə təkcə daha təhlükəsiz, daha etibarlı qaz nəqlinə və bərpa olunan mənbələrin və aşağı karbonlu qazların sistemə daxil olmasına töhfə verməyə davam etməyimizi deyil, həm gələcəyə mənfi təsir göstərməməyimizi təmin edəcək", - o deyib.
"OGMP, əvvəllər qeyd olunduğu kimi, həmçinin metan emissiyası qaydalarına əməl etməyin əsas yoludur, ona görə də buna riayət etmək düzgün yanaşmadır", - TAP rəhbəri fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib
Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) potensialının artırılması üzrə görü...