SOCAR-ın "yaşıl" istiqrazlarının ikinci faiz ödənişi edilib

SOCAR-ın yaşıl istiqrazlarının ikinci faiz ödənişi edilib
İqtisadiyyat 32

2025-ci il 8 sentyabr tarixində SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları üzrə ikinci faiz ödənişi edilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

"SOCAR Capital" şirkətindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, 2-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

2025-ci ilin 15 yanvar tarixində ölkəmizin "yaşıl" enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş "yaşıl" təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

Cari ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın "yaşıl" istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16 milyon ABŞ dolları məbləğində 370-dən çox əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 81 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1475-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5%-ini təşkil edib).

Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 47 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.

"ABB İnvest" investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı "ASAN xidmət" mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

Son xəbərlər