S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq ABŞ-nin "Comstock Resources Inc." şirkəti üçün mayeləşdirilmiş təbii qaz (LNG) seqmentində yeni perspektivlər açır, ticarət imkanlarını və məhsulun satış kanallarını genişləndirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Comstock Resources Inc." şirkətinin SOCAR ilə niyyət məktubunu emitentin kredit profili üçün müsbət siqnal kimi qiymətləndirən "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
Əldə olunmuş razılaşmalara əsasən, SOCAR və ya ya onun 100 faizlik törəmə strukturu "Comstock"un bir neçə aktivində minoritar pay əldə edəcək. Sövdələşmə çərçivəsində "Comstock Legacy Haynesville" hasilat aktivlərində 20 %, "Western Haynesville"də 15 %, "Pinnacle Gas Services LLC"nin ("Comstock" 73 %-lik paketə sahibdir) kapitalında 15 % payın alınması nəzərdə tutulur.
Tranzaksiyanın məcmu dəyəri standart düzəlişlər nəzərə alınmaqla nağd şəkildə 1,65 milyard ABŞ dolları təşkil edir. Qoyulan iinvestisiyalardan 15 % gəlir əldə edildikdən beş il sonra SOCAR-ın "Western Haynesville" layihələrindəki 15 %-lik payı 7,5 %-ə qədər azaldılacaq.
"Bu tranzaksiya şirkətə cari il üçün sərbəst pul axını kəsirini ödəməyə və qısamüddətli kredit göstəricilərini yaxşılaşdırmağa imkan verəcək", - agentlik qeyd edir.
Sövdələşmə iştirakçıları yekun sazişi 2026-cı il oktyabrın 31-dək imzalamağı planlaşdırırlar, standart şərtlər yerinə yetirildiyi təqdirdə sövdələşmənin başa çatdırılması bu ilin sonuna nəzərdə tutulub (qüvvəyə minmə tarixi kimi 1 iyul 2026-cı il müəyyən edilib). Bundan başqa, SOCAR əldə edilmiş paylara mütənasib olaraq "Comstock"un müvafiq regionlardakı gələcək layihələrində iştirak etmək imkanı qazanacaq və ABŞ şirkətinin beynəlxalq təbii qaz bazarlarına çıxışını təmin edəcək.
Agentliyin analitikləri vurğulayırlar ki, razılaşmanın müsbət xarakterli olmasına baxmayaraq, yekun müqavilə hələ bağlanmayıb və şirkətin maliyyə nəticələri əvvəlki kimi qaz bazarındakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır. "Comstock" cəlb olunmuş bütün aktivlər üzərində əməliyyat nəzarətini, həmçinin "Pinnacle" infrastruktur biznesindəki majoritar paketi (62 % pro forma) özündə saxlayacaq. Cəlb edilən vəsaitlərin kredit xətti üzrə borcun ödənilməsi, 2029-cu ildə ödənilməli olan istiqrazların potensial geri alınması (vaxtından əvvəl geri çağırılma imkanı 2027-ci ilin martında yaranır), eləcə də ümumi korporativ ehtiyaclar və "Western Haynesville"dəki aktivlərin mənimsənilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
"S&P Global Ratings" "Comstock"un emitent kredit reytinqini "B" səviyyəsində təsdiqləyib, proqnoz "Sabit"dir.
Oxşar xəbərlər
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə "SOCAR Georgia Petroleum" şirkəti SOCAR Qrupuna daxil olan "Italiana Petroli" şirkətindən bu ölkə...