Prezidentin yaratdığı yeni qurum hansı işi görəcək?

Prezidentin yaratdığı yeni qurum hansı işi görəcək?
İqtisadiyyat 1060

 

"Maliyyə Bazarlarına Nəzarət Palatasının vəzifəsi əsasən 3 istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq. Qeyd edim ki, kifayət qədər məsuliyyətli bir dəyişiklikdir. Bu dəyişikliyin məğzi bu gün çox aktual olan riskin həllinə - ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. O bildirib ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin offsaydda qalması maliyyə bazarının dayanıqlığına təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünə təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaqla onları yerində otuzdurmaq kimi də qiymətləndirmək olar.

"Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandrmaq olar. Qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir. Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir. Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Bu qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətləri icra edir". 

Ekspert qeyd edir ki, Avropa Biriyində Avropa Mərkəzi Bankı ilə yanaşı bazarlara BaFİn (Maliyyə Nəzarəti Federal İdarəsi) nəzarət edir: "BaFİN bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici normanı müəyyənləşdirir. Çində - Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə Komissiya və Çin Xalq bankı, Avstraliyada Qiymətli kağızlar və investisiyalar üzrə Komissiya və Rezerv Bankı tənzimləmə və nəzarət işlərini görürlər. ABŞ-da eyni zamanda bir neçə qurum - Qiymətli kağızlar və bazarlar üzrə Komissiya, Təcili birja ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi (FED) məsuldur. İsveçrə və Kanada isə bu funksiyanı ayrıca bir qurum icra edir".

Mütəxəssisin fikrincə, hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir: "Ən geniş yayılmış model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilirlər. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlığını və etibarlılığını artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır". 

Ekspertin fikrincə, hələki bu barədə fikir söyləmək tezdir. "Çünki Palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Yəni Palatanın funksiyaları daha çox texniki olacaq, yoxsa müəyyən normaları yaratmaq səlahiyyəti də olacaq? Bu qurum maliyyə institutlarını faktiki olaraq narazı salacaq və onları özündən asılı edəcək işləri icra edəcək. Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.

Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə, Palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Naziriyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq".

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər